Qurban bayramı milli bayramdırbackend

Azərbaycan xalqı tarixən bir müsəlman ölkəsi kimi həmişə Qurban bayramını qeyd etmişdir.

Lakin müstəqillik qazandıqdan sonra bu bayram dövlət səviyyəsində qeyd olunmağa başlanıldı. Ölkə qanuinvericiliyində müvafiq dəyişiliklər edilərək bayram günləri qeyri-iş günləri elan edildi. Bu ənənə hər il davam etdirilir.

 

Bildiyiniz kimi, İslam dini səmavi bir din kimi humanizmi, bərabərliyi və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmişdir. Azərbaycan xalqı əsrlər boyu Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Ölkəmizdə bu bayram tolerantlığın təntənəsinə çevrilmiş, müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə həmişə xalqımızı təbrik etmişlər.

Tarixən ayrı-ayrı xalqlara və dinlərə mənsub olan insanlar Azərbaycanda  mehriban ailə kimi yaşayırlar. Ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il Azərbaycanda yaşayan xalqların rəsmi şəkildə qeyd edilən dini bayramları mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Məhz bütün bunlar Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıtmışdır.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik edirdi. O da məlumdur ki, müxtəlif illərdə Ümummilli Lider Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Həmin ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezidentin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və həmimn təbrikdə Möhtərəm İlham Əliyev Cənablarının xoş arzuları millətə çatdırılır. Məhz Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” kimi elan etmişdir.

Ölkəmiz tarixən İslam dünyasının bir parçası kimi İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Məhz ona görə də, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında mühüm rol oynamışdır. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün bariz nümunədir.

1997-ci ildə Qurban bayramı münasibətilə xalqa müraciət edən Ulu Öndər Heydər Əliyev demişdir: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”.

Ulu öndərin bu arzusu Onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən artıq həyata keçirilmiş, torpaqlarımız düşmən tapdağından azad olunmuşdur.

Qurban bayramı münasibəti ilə xalqımızı təbrik edən  Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Adətən Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Məhz ona görə də, II Qarabağ müharibəsi zamanı bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə şəhidlər özlərini qurban verdilər, qazilər isə canlarından keçməyə hazır olduqlarını göstərdilər. Bu, xalqımızın böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi.

Qədim tarixi kökünə, milli və dini dəyərlərinə sadiq olan hər bir Azərbaycan anası və atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. “Təki Vətən yaşasın” dedilər.  Bu gün dövlətimizi öz ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, həmçinin gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı həm Allah yolunda fədakarlığın, həm də İkinci Qarabağ müharibəsi zamanı Vətən yolunda fədakarlığın şanlı təntənəsidir. Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın sevə-sevə verdiyi qurbanların və Allaha etdiyi duaların İlahi tərəfindən qəbul olunduğunun bariz nümunəsidir.

Aytən Süleymanova, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Rayonun fəal gənci