Quruculuğun böyük meydanı – Ağdam şəhəribackend

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi böyük əhəmiyyət kəsb edir. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın iştirak etdiyi Forumda iştirakçılar Ağdamda erməni vandalizminin törətdiyi əməllərin canlı şahidinə çevrildilər. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “Bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb” – deyərək qonaqlara bildirib ki, Ağdamda gördüklərini Qarabağ ərazisində hər bir kənddə görə bilərlər. İşğal dövründə bütün erməni təcavüzkarları 30 ilə yaxın zamanda bütün əraziləri dağmadağın etmişdir. “İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər” – deyən Prezident bildirib ki, erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər: “Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb”.

Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib: “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışsa da buna nail ola bilmədi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi zamanı azad olundu, həsrətə son qoyuldu. 27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu.
Bu gün artıq Zəfər çalmış Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması mərhələsini yaşayır. Bildiyimiz kimi, Cənab Prezidentin Ağdama səfəri çərçivəsində rayonun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin Azərbaycan Prezidenti tərəfindən təməli qoyulub. Kəndlərdə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə insanların işlə təmin olunması planlaşdırılır. Forumda çıxışı zamanı dövlət başçısı “Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır” – deyərək onu da bildirib ki, Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik: “Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür.”
İşğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur, “Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib” – deyən Prezident qeyd edib ki, bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq: “Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”.
Bu gün Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır və tezliklə Ağdam şəhəri də yenidən qurularaq, öz əzəli sakinlərinin ixtiyarına veriləcək.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini