37-ci ilin repressiya qurbanı olmuş Məmmədsadıq Axundzadə kimdir? – Xatirələr danışır: Nurlan Şakiroğlu yazır…backend

Bu məqalə nənəm Fatmanın mənə ömrünün son günlərində atası ilə bağlı danışdığı xatirələr əsasında qələmə alınıb.

 Azərbaycan tarixinə qara hərflərlə yazılmış və yaddaşlarda unudulmaz izlər buraxan XX əsrin 30-cu illərində baş verən repressiya dövrü haqqında yəqin ki, məlumatı olmayan çox az insan tapılar. Həmin dövrü “Azərbaycanda Stalin repressiyası” kimi də adlandırırlar. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi, o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi.

Repressiyalar öz pik həddinə yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun olaraq keçmiş XDİK tərəfindən həyata keçirilən 1937–1938-ci illərdə baş tutmuş Böyük terror və ya Yejovşina dövründə çatdı. Bu dövr Azərbaycanı 20 il idarə etmiş Mir Cəfər Bağırovun rəhbərliyi illərinə təsadüf edirdi. Onun adı sovet ədəbiyyatında adətən 1930-cu illərdə baş vermiş kütləvi repressiyalarla bağlı mövzularda çəkilirdi, çünki bir qayda olaraq 1937–1938-ci illərdə respublikada baş vermiş repressiyaların aparıcı təşəbbüskarı məhz o özü idi. Yenidənqurma dövrü və ondan sonra yazılan ədəbiyyatlarda Bağırovun olmuş hadisələrdə nə dərəcədə məsuliyyət daşıması ilə bağlı aydın fikirlər hələ də öz əksini tapmayıb. İsveçli politoloq Svante Kornel onu “azərbaycanlı Stalin”, sovet-rus filosofu və tarixçi Dmitriy Furman isə onu “azərbaycanlı Beriya” adlandırırdı.

Həmin dövrdə Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Dadaş Bünyadzadə, Həmid Sultanov, onun həyat yoldaşı Ayna Sultanova, Ruhulla Axundov, Çingiz İldırım, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və minlərlə digər ziyalı insanlarımız repressiya qurbanı oldular.

Repressiya qurbanlarından biri də, bugün haqqında söz açacağım, Şəmkir rayonunun Dəllər – Cırdaxan kəndindən olan ulu babam Məmmədsadıq Axundzadə olub. O, Mollalılar ocağında ruhani ailəsində dünyaya göz açmışdı. İbtidai təhsilini atası Axund Hacı Ələsgərdən alan Məmmədsadıq daha sonra ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Vəli Xuluflu ilə eyni dönəmdə Gəncədə yerləşən “Mədrəseyi-Ruhaniyyə”də təhsil almışdır. O, el arasında öz xeyriyyəçi əməlləri ilə kifayət qədər hörmət qazanmış, olduqca savadlı, uzaqgörən, qabiliyyətli bir insan idi. Ailənin böyük uşağı olan Məmmədsadıq Axundzadə qardaşları Məmmədyusif və Məmmədnəbinin oxuyub ali təhsil almalarında da böyük pay sahibi olmuşdur. Onu da qeyd edək ki, qardaşı, texnika elmləri doktoru, professor Məmmədyusif Axundzadə dünyada ilk dəfə olaraq hərbi təyyarələrin eniş prosesini analiz edən örtüklər nəzəriyyəsi üzrə ən məşhur alimlərdən biridir. Hazırda aerodromların qurulmasında bu nəzəriyyədən istifadə edilir. Məmmədnəbi Axundzadə isə filologiya elmləri namizədi olmaqla Gəncə Pedoqoji İnstitutunda uzun müddət müəllim kimi fəaliyyət göstərmişdir.

Nənəmin dediyinə görə atası Məmmədsadıq Axundzadə eyni zamanda kəndin axundu olub. O, tez-tez yaxın dostu Vəli Xuluflu ilə görüşər, elmi müzakirələr aparar, eləcə də kəndin kasıb təbəqələrinin təhsil almaları üçün öz xeyriyyəçi əməlləri ilə seçilərmiş. Axundzadə, həmçinin yaxın qohumları da diqqətdən kənarda saxlamamışdır. Belə qohumlardan biri də Azərbaycanda ingilis dilinin atası hesab olunan, ensklopedik biliyə malik, filologiya elmləri doktoru, professor Oruc İbrahimoğlu Türksevərin (Musayev) ailəsi olub. Altı uşaq və bir əlil əmiləri ilə birgə yetimlik həyatı yaşayan bu ailəyə Məmmədsadıq Axundzadənin töfhəsi böyük olmuşdur. Hətta bununla bağlı Oruc Musayev “Ömrümün anları və yaxud bir ömrün dastanı” adlı kitabında qardaşı Hidayətin dilindən Məmmədsadıq Axundzadənin onların ailələri üçün etdiyi yaxşılığı barədə aşağıdakıları qeyd edib:

“Ömrümün anları və yaxud bir ömrün dastanı” adlı kitabdan çıxarış:

“Onu da deyim ki, biz atasız, anasız yetim qaldıqdan sonra, qardaşım Hidayətin dediyinə görə, bizə kömək əlini uzadan qohumlarımızdan biri də Məmmədsadıq dayı olmuşdu.

Məmmədsadıq anamın qohumu olduğu üçün biz onu Məmmədsadıq dayı deyə çağırardıq. Qardaşım Hidayət həmişə söz düşəndə ona min rəhmət oxuyar və onun bizə etdiyi kömək haqqında aşağıdakıları danışardı:

“Atam həbs olunduqdan və anam öldükdən sonra mən çox çətin vəziyyətə düşmüşdüm. Beş uşağa və bir əlil əmiyə necə çörək qazanacağımı ağlıma belə gətirə bilmirdim. Doğrudur, mən atamın sağlığında onun dükanlarında alverin nə olduğunu görmüşdüm, amma bunun üçün mənim əlimdə heç bir maya yox idi. Evimiz dağılmış, var-yoxumuz əldən getmişdi.

Belə günlərin birində Məmmədsadıq dayı məni yanına çağırıb, bir az öyüd-nəsihət verdi, sonra da:

  • A quzu (O həmişə mənə belə müraciət edərdi), sənə bir az pul versəm, alver edə bilərsənmi? – deyə soruşdu.

Mən bir qədər fikirləşdim və sevincək razılıq verdim.

Mənim verdiyim cavab sanki Məmmədsadıq dayımı sevindirdi. O sağ əli ilə mənim başımı sığalladı, gülümsədi və taxtın üstündə oturan anasına:

  • A ciji, o pulu bura gətir, – dedi.

Haşiyə: Məmmədsadıq dayının anasının adı Məreyzə idi. O, çox səliqəli, işbacaran, nurani bir ağbirçək idi. Qohumlardan kimin işi dara düşsə idi, onun yanına gələr, ondan məsləhət alardı. Buna görə də hörmət əlaməti olaraq hamı ona Məreyzə ciji deyə müraciət edərdi. Bu ağbirçək uzun və mənalı bir ömür yaşadı, yüz ildən artıq.

Məreyzə ciji yerindən qalxdı, sandığını açdı və Məmmədsadıq dayıya bir balaca boğça verdi. O, boğçanı açdı, bir dəstə pul götürdü, saydı, mənə verdi:

  • A quzu, al bu pulu. Əlində maya elə, – dedi.

Mən pulu aldım, çox sevindim. O gündən xırda alverlə məşğul oldum. Yaxşı pul qazandım. Həm Məmmədsadıq dayının verdiyi pulu qaytarmağa imkanım oldu, həm də əlimə maya saldım.

Bu günlərin birində səhər lap tezdən Məmmədsadıq dayının mənə verdiyi pulu götürüb onlara getdim. Mən onların darvazasını döyəndə dan yeri yenicə ağarırdı. Məmmədsadıq dayı darvazanın taqqıltısana eşiyə çıxdı. Mən darvazanı bir də döydüm.

O:

  • Ay adam, kimsən? Kimi istəyirsən? – deyə dilləndi.

  • Məmmədsadıq dayı, mənəm, Hidayətəm, – dedim.

O, dərhal darvazaya yaxınlaşdı, onun bir tayını açdı:

  • A quzu, Allah eləməmiş nə olub? Niyə belə tezdən gəlmisən?

Mən onun təlaş keçirdiyini görüb:

  • Məmmədsadıq dayı, heç nə olmayıb, sizin verdiyiniz pulu gətirmişəm, – dedim.

  • A quzu, bəs nə üçün, pul lazım deyilmi sənə?

  • Məmmədsadıq dayı, alver edib pul qazanmışam. İndi əlimə maya salmışam. Sizin də verdiyiniz pulu gətirmişəm, üstümdə borc qalmasın, – dedim.

Məmmədsadıq dayı bunu eşidəndə əllərini göyə qaldırdı:

  • Şükür Xudaya sənin böyüklüyünə, min kərə şükür! Bəyazın yetimləri ölməyəcək, yaşayacaq, – dedi.

Sonra da üzünü mənə tutdu:

  • A quzu, sən ki bu alaqaranlıqda durub bura gəlmisən, görünür, həqiqətən də ağıllı və bacarıqlı oğlansan. Allah sənin üstündən kölgəsini əskik eləməsin. Mən indi bilirəm ki, sən özün uşaq olsan da, bacı-qardaşlarını dolandıra biləcəksən, – dedi.

Məni qucaqladı, bağrına basdı və alnımdan öpdü.

Mən dəsmala bağlanmış və bayaqdan bəri əlimdə saxladığım pulu ona uzatdım. O, pulu aldı və:

  • A quzu, mən bu pulu sənə borc verməmişdim. İndi ki qazanıb əlinə maya salmısan, pulu da qaytarırsan, eybi yoxdur. Yadında qalsın. Bu pul Məreyzə cijinin sandığında duracaq. Nə vaxt sənə lazım olsa, gəl, götür, – dedi.

Mən Məmmədsadıq dayıya üzrxahlıq etdim və evimizə qayıtdım. Doğrudur, mən Məreyzə cijinin sandıqda saxladığı o pulu sonralar götürmədim. Amma Məmmədsadıq dayının mənə verdiyi o maya və sübh tezdən əllərini göyə qaldıraraq məni Allaha tapşırması sanki mənə güc, qüvvət verdi, fərasətimi, bacarığımı bir az da artırdı; alver etdim, pul qazandım, bacı-qardaşlarımı böyütdüm. Buna görə mən o kişiyə həmişə qəni-qəni rəhmət oxuyuram”.

Onu da qeyd edim ki, Məmmədsadıq kişinin 2 övladı olub: Mustafa (1925) və Fatma (1927). Mustafa II Dünya Müharibəsinə getmiş və 1943-cü ildə qara kağızı gəlmiş, Fatma isə atası repressiya qurbanı olduqdan, anası isə dünyasını dəyişdikdən sonra nənəsi Məreyzənin himayəsində böyümüşdür. Nənəm Fatmanın dediklərinə görə Vəli Xuluflu həbs edildikdən sonra atası Məmmədsadıq barədə daima onun paxıllığını çəkən Qəfər, Təyyar, İmran və Əli adlı kənd sakinləri şər-böhtan xarakterli yazılar yazaraq onun da həbs edilməsi üçün əllərindən gələni ediblər. Nəhayət 1937-ci ilin qarlı-boranlı qış günlərinin birində, səhər lap tezdən evlərinə daxil olan əli silahlı naməlum şəxslər tərəfindən atası evdən aparılmış və onun sonrakı taleyindən xəbər olmamışdır.

Nənəsi Məreyzə arvad tərəfindən tərbiyə edilərək sonralar ailə həyatı quran nənəmin 5 övladı olmuş və onların da hər birinə ailə təhsil vermişdir. Nənəm hər zaman atasını böyük hörmətlə anar və mənim də xasiyyət baxımından ona bənzəməyimi daima vurğulayardı. Mən də öz növbəmdə belə bir hörmətli, savadlı, xeyriyyəçi, alicənab, qohum və dostcanlı bir insanın – Məmmədsadıq Axundzadənin nəvəsi olmaqla fəxr edir, bu yazını qələmə almaqla isə az da olsa onun və nənəmin ruhu qarşısında öz borcumu yerinə yetirmiş, habelə özümdə mənəvi rahatlıq tapdığımı düşünürəm.