Azərbaycan sözünə sadiq ölkədirbackend

Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara əsaslanır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Cari ilin birinci yarısında müşahidə etdiyimiz müsbət inkişaf tendensiyaları, əldə olunan nəticələr bunu bir daha deməyə əsas verir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçısının çıxışında qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Əlbəttə ki, bütün işlərin reallaşmasında iqtisadiyyat əsas amildir. Cənab Prezident çıxışında bildirdiyi kimi, Azərbaycanda iqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik: “Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq”.

İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraqlar əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır.

Azərbaycan güclü dövlət olaraq Qoşulmama Hərəkatının inkişafına böyük töhfələr verib. Müasir dünya düzənində ölkəmizin ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Qeyd edək ki, dövlətimizin başçısı Cənab İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Bakının ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Bu istiqamətdə atılan önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. “Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”, – deyən Cənab Prezident nəticələr arasında, Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi qeyd edib. Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ölkəmizə olan inamın məntiqi nəticəsidir. Qoşulmama Hərəkatının fəal sədri olaraq Azərbaycan bu təsisatın institusional inkişafına da böyük töhfə verib. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması oldu. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb etmiş oldu.

Digər beynəlxalq təşkilatlarla da Azərbaycan fəal əməkdaşlıq etmiş və İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə olan münasibətlər dostluğa, münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir. “Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb”, – deyən dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir: “Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”.

Dövlət başçısı çıxışında qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çəkərək Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərinin bunun göstəricisi olduğunu qeyd edib: “Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir – həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb”.

Müasir Azərbaycan özünün yeni bir inkişaf dövrünü yaşayır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilir: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub”, – deyə Prezident diqqətə çatdırıb. Görülən işlər bir daha deməyə əsas verir ki, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini