Hindistanda fermer Sabir Əli 140 toyuqunun ölümündə toy kortejini günahlandırıb. Metro xəbər verir ki, o, quşların şənlikdən gələn yüksək musiqiyə dözə bilmədiyini iddia edib.
Həmin axşam kənd sakini Babban Vişvakarma qızının toyunu qeyd edirdi. Təxminən saat 21:30-da toy kortejinin Əlinin quşçuluq fermasının yanından keçdiyi bildirilir. Fermer bas və DJ-in səsinin o qədər yüksək olduğunu iddia edir ki, quşlar qorxaraq bir-bir ölməyə başlayıblar.
“Səs dözülməz idi. Toyuqlar qorxaraq öldülər”, – Sabir Əli polisə bildirib.
Onun şikayətindən sonra hüquq-mühafizə orqanları toy DJ-i ilə bağlı araşdırmaya başlayıb. İstintaq səs-küy səviyyəsinin məqbul hədləri aşıb-aşmadığını müəyyən etməyi hədəfləyir. DJ-in özü və tədbir təşkilatçıları hələlik şərh verməkdən imtina ediblər.















