“Bizim cəmiyyətdə psixoloqa müraciət edənləri dəli hesab edirlər” – Psixoloq Rövşən Nəcəfovbackend

Azərbaycanda xanımların qarşılaşdığı ən ciddi problem məişət zorakılığıdır.

Psixoloq Rövşən Nəcəfov: “Ailədə məişət zorakılığı və ya hər hansı bir konflikt yarananda ailə psixoloquna müraciət olunmalıdır”.

İctimai.az xəbər verir ki, psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov “Press Klub”a açıqlamasında məişət zorakılığının və qadınların problemlərinin aradan qaldırılması üçün hüquqi və psixoloji addımlar atılmasının vacibliyini vurğuladı:

“Hüquqi tərəfdən qanun nəyi tələb edirsə, onun əsasında addımlar atılmalıdır. Məişət zorakılığına məruz qalmış qadınlar birbaşa qanuna müraciət etməlidir. Vəziyyətin psixoloji tərəfinə gəldikdə isə Azərbaycanda ailə psixoloqu yoxdur. Ailədə məişət zorakılığı və ya hər hansı bir konflikt yarananda ailə psixoloquna müraciət olunmalıdır. Təəssüf ki, bizim cəmiyyətdə psixoloqa müraciət edənləri dəli hesab edirlər. Qərb ailələrində isə psixoloqlarla həm ailəvi, həm də fərdi görüşlər olur və bu, ailədə fikir nizamı yaradır. Zorakılıq görən qadın mütləq psixoloji reabilitasiyadan keçməlidir. Psixoterapevtə müraciət etməlidir və müəyyən müddət müalicə almalıdır. Eyni hal kişilər üçün də keçərlidir. Zorakılıq nümayiş etdirən kişilər də cəmiyyətə heç vaxt faydalı ola bilməz”.

İctimai.az