“Brüssel görüşlərində Azərbaycanın maraqlarının tam qorunması İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir”backend
Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən altıncı görüş idi. Ən əsası isə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün möhkəm zəmin yaradan və 4 saat yarımdan artıq davam edən görüşdə irəliləyişlərdən əldə olunan nəticə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanmasına dair dövlət başçılarının xarici işlər nazirlərinə təlimat vermələri ilə bağlı razılaşmadır. Ən əsas məqam isə, həmişə olduğu kimi, yenə də masadakı şərtləri qalib lider İlham Əliyev müəyyən etdi.
Xüsusi olaraq, bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan aprelin 6-da Brüsseldə keçirilən görüşü zamanı da zərbə aldı. Paşinyan bunu bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman «Dəmir yumruq» yenidən işə düşə bilər.
Qeyd edək ki, «Brüssel formatı” çərçivəsində ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib və bu danışıqları dəyərləndirən Şarl Mişel də Brüsseldə keçirilən ilk görüşdə tərəflərin bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa doğru addım atdıqlarını bildirib. Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu. Biz bu reallığı Brüssel görüşündə bir daha müşahidə etdik. Uzun sürən danışıqların nəticələri Aİ Şurası rəhbərinin bəyanatında öz əksini tapdı. Hər iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərlərinə danışıqlara hazırlığa başlamaq tapşırıldı. Əlbəttə, bu, Azərbaycan Prezidentinin sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifinin qəbulundan sonra mümkün olub. Yəni, xarici işlər nazirləri fəaliyyətlərini bu sənəd əsasında quracaqlar. Burada əsas prinsipial məsələ Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığıdır. Eyni zamanda, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə, delimitasiya prosesinə başlaması barədə razılıq əldə olundu. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi artıq yeni müstəviyə keçir. Dövlət sərhədində erməni silahlı qüvvələri tərəfindən yaradılan gərginliyin azaldılması üçün ciddi şans var. Ən əsası isə belə işlər mövcud sərhədlərin tanınması və ərazi iddialarının rədd edilməsi istiqamətində mühüm addımdır.
Sənəddə Azərbaycan üçün xüsusilə ən diqqət çəkən məqam ondan ibarətdir ki, “Dağlıq Qarabağ” ifadəsinə və ya keçmişin qalığı olan Minsk Qrupu həmsədrlik institutuna hər hansı bir istinad yoxdur. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Azərbaycanın yaratdığı postkonflikt reallıqlarını, regiondakı yeni geosiyasi reallıqları qəbul edir. Nəzərə alsaq ki, bu birinci Brüssel görüşündə də belə olmuşdu, o zaman demək olar ki, rəsmi Bakı artıq Qərbdə müəyyən nüfuzlu dairələrin Qarabağla bağlı əvvəlki baxış bucağını dəyişməyi bacardı.
Dövlət başçısı İlham Əliyev müzakirə olunan məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha vurğulayaraq Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması kimi məsələləri xüsusi diqqətdə saxladı. Və Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini növbəti dəfə xüsusi diqqətə çatdırdı. Bu fakt da diqqətə çatdırıldı ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.
Bu baxımdan da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstək artırılmalıdır. Bütün bu reallıqlar və əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində yürütdüyü uzaqgörən, məqsədyönlü siyasətin, postmüharibə dövründə isə Azərbaycanın təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və təşəbbüslərə açıq müstəqil, konstruktiv siyasət yürütməsinin, bu siyasətin düzgün müəyyənləşdirilməsinin və dinamik inkişaf etdirilməsinin məntiqi nəticəsidir. Brüssel görüşü Cənubi Qafqazda sülhyaratma prosesində irəliyə doğru mühüm addımdır, Aİ Prezidenti Şarl Mişelin sözləri ilə desək, “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. Bir sözlə, Brüssel görüşünü və tərəflər arasında aparılan dörd saatlıq danışıqların nəticələrini Azərbaycan üçün qənaətbəxş qiymətləndirmək olar. Ümumiyyətlə bu görüşün baş tutması, liderlərin təmasları və danışıqlarda Azərbaycanın maraqlarının tam qorunması Prezident İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri