Çağdaş dünyamızın mütərəqqi Konstitusiyasıbackend

Dünyanın demokratik ölkələrindən biri olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən artıq 27 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Ana Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tariximizdə yer alıb. Müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olan Azərbaycan Konstitusiyası mükəmməl və mütərəqqi bir sənəddir. Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

Ötən 27 il ərizində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Konstitusiyaya bir neçə dəfə – 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərində keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib.

Müstəqil Azərbaycan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub. MDB məkanında və müsəlman dünyasında ilk dövlət olaraq Azərbaycan 1998-ci il fevralın 10-da ölüm hökmünü ləğv edilməsi ilə bağlı tarixi qərar qəbul etdi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu – ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra Konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Təsisatı fəaliyyətə başladı.

Yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən, 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxdı. Dünya təcrübəsində olan demokratik ənənənin Azərbaycan Konstitusiyasında əks olunması müsbət haldır. Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, dünyanın bütün demokratik dövlətlərində olan vitse-prezidentlik institutunun yaradılması və s. bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi və siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaratmış oldu.

Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb. Azərbaycan dövləti bu gün inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində tariximizdə yeni səhifə yaratmış Azərbaycan dünyaya siyasi və hərbi gücünü göstərdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Azərbaycan xalqı Zəfər tarixini yaşadı. 27 il bundan əvvəl ilk milli Konstitusiyamızın qəbul edilməsi çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə töhfələr verir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri