Camaat nə deyər?” düşüncəsi ilə övladlarının həyatını alt-üst edən valideynlər yetərincədirbackend

“Gün ərzində daha çox vaxt keçirdiyi məktəb mühitini də unutmaq olmaz. Bu cür xoşagəlməz halları araşdırsaq, görərik ki, bir qrup belə hadisələrin başlanğıcında məktəbdə yaranan tanışlıq və münasibətlər durur. Hələ həyatı dərk etməyən, sevgi, inam anlayışlarını anlamayan yeniyetmələr bu cür fikirlərə qapanıb kimlərəsə güvənir və təəssüf ki, bəzi hallarda bunun qurbanı olur, acısını həyatlarının sonrakı mərhələlərində yaşamağa məcbur olurlar”.
Bu sözləri “Loqos” Psixoloji və Nitq Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramov Sonxeber.az-a 13 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı danışarkən deyib.
O, həmçinin qeyd edib ki, məktəb rəhbərliyi və kollektivi də hər hansı bir problem gördükdə məsələni gizlətməli və ya diqqətdən kənarda saxlamalı deyil, şagirdin valideynləri ilə sıx əlaqədə olmalıdırlar:

Bu gün sözsüz ki, hər birimiz üçün qan donduran xəbərlərindən biri ölkəmizdə 13 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi oldu. 13 yaşlı qızın uşaq dünyaya gətirməsi əslində bir məqamın deyil, bir neçə məqamın üzə çıxmasına gətirib çıxarıb. Bu aylar ərzində yeniyetmə qızın durumunun başqa insanlardan gizlədilməsi və yalnız uşaq dünyaya gətirdikdən sonra səhhətində yaranan narahatlıq nəticəsində tibbi müəssisəyə məcburi şəkildə üz tutması ilə məsələnin ictimailəşməsini nəzərə alsaq, bu aylarda həmin qızın hansı formada basqı altında olması, psixoloji vəziyyətinin nə dərəcədə olmasını təsəvvür etmək o qədər də çətin deyil.
Çox təəssüf olsun ki, bu kimi hallar cəmiyyətdə ilk dəfə baş vermir və hər belə hadisə də işıqlandırıla bilmir. “Camaat nə deyər?” düşüncəsi ilə övladlarının həyatı alt-üst edən valideynlər də yetərincədir. Doğrudur, hal-hazırda bu məsələ ilə əlaqədar olaraq aidiyatı qurumlarmüvafiq tədbirlər həyata keçirirlər, bu səbəbdən də konkret mövqe bildirmək hələki çətindir, lakin ümumilikdə götürdükdə nəzər alsaq, görərik ki, bəzən belə hadisələrin qurbanı olan qızların ailələrində münasibətlər də yetərincə normal olmur. Nəzərə alsaq ki, yeniyetməlik və gənclik dövrü istər oğlanlar, istərsə də qızlar üçün xüsusilə diqqət edilməli bir dövrdür, valideynlərin övladlarına diqqət və nəzarəti artmalıdır. Təbii ki, bu diqqət və nəzarət basqı, hədə ilə deyil, qarşılıqlı anlayış, hörmət şəklində özünü göstərməlidir.
Digər tərəfdən yeniyetmələrin gün ərzində daha çox vaxt keçirdiyi məktəb mühitini də unutmaq olmaz. Bu cür xoşagəlməz halları araşdırsaq, görərik ki, bir qrup belə hadisələrin başlanğıcında məktəbdə yaranan tanışlıq və münasibətlər durur. Hələ həyatı dərk etməyən, sevgi, inam anlayışlarını anlamayan yeniyetmələr bu cür fikirlərə qapanıb kimlərəsə güvənir və təəssüf ki, bəzi hallarda bunun qurbanı olur, acısını həyatlarının sonrakı mərhələlərində yaşamağa məcbur olurlar. Nəticədə həmin yeniyetmələrin psixoloji vəziyyəti pisləşir, stress, özünəqapanma, aqressiv-depressiv hallar müşahidə olunur. Digər tərəfdən, bir nəfərin ona yaşatdığı travma nəticəsində həmin şəxslərdə cəmiyyətin digər nümayəndələrinə də güvənsizlik, inamsızlıq yaranır. Odur ki, valideynlər bu məsələdə də diqqət etməli, övladlarına təhsil verən müəllimlərlə yalnız valideyn iclaslarında deyil, mütəmadi olaraq əlaqədə olmalı, övladlarının təhsili, tərbiyəsi və ümumi vəziyyəti haqqında məlumat almalıdırlar.
Bundan savayı, məktəb rəhbərliyi və kollektivi də hər hansı bir problem gördükdə məsələni gizlətməli və ya diqqətdən kənarda saxlamalı deyil, şagirdin valideynləri ilə sıx əlaqədə olmalıdırlar. Ümumiyyətlə bu kimi halların azalması istiqamətində məktəb rəhbərliyi – müəllim – valideyn üçlüyü birgə fəaliyyət göstərməlidirlər.
Bu gün belə xoşagəlməz halların qarşısının alınması istiqamətində müvafiq qurumlar fəaliyyətlərini davam etdirir, maarifləndirmə işləri həyata keçirirlər, lakin biz cəmiyyətin fərdi olaraq da belə məqamlarda diqqətli olmalı, əlimizdən gələn dəstəyi göstərməliyik. Unutmayaq ki, bucür xoşagəlməz hallardan heçkim sığortalanmayıb və hər birimizin ailə üzvünün, yaxınlarımızın qarşılaşması riski mövcuddur”.

Şəbnəm Lətifi

Sonxeber.az