Cəmiyyəti öldürən ölümlər – İntihar fərdi seçim kimi görünsə də, əslində ictimai hadisədirbackend

Son günlər artan intihar xəbərləri cəmiyyəti silkələyir. İki gün öncə iki yeniyetmə qızın eyni zamanda intiharı ilə bağlı eşitdiyimiz xəbər isə artıq hər bir sarsıdıb. Baharın gəlişi ilə solan bu çiçəklərin acı taleyi insanı kədərləndirməyə bilməz. Dünənki uşaqların öz istəyi ilə həyatlarına son qoymasına anlam vermək həddən artıq çətindir.

İntihar hadisəsindən birində Ağsu sakini 15 yaşlı Pərvanə Salahzadə 8 Mart Beynəlxalq qadınlar günündə yaşadıqları evin həyətində yerləşən çinar ağacından özünü asıb. Son hadisə zamanı isə iki qız özünü 9 mərtəbəli binanın damından ataraq intihar edib. Bu intiharlar artıq ailələr, valideynlər, ümumiyyətlə bütün cəmiyyət üçün həyəcan siqnalıdır.

Yeniyetməlik dövründə baş vermiş intihar halları ilə bağlı “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin ekspert psixoloqu Mirkamil Kazımzadə Eurasia Diary-yə müsahibə verib.

Yeniyetmə intiharları hansı səbəbdən baş verir?

– İnsan həyatı müxtəlif dövrlərdən keçərək inkişafa doğru gedir və sonlanır. Bu dövrlər uşaqlıq dövrü (0-12), yeniyetməlik dövrü (12-18), gənclik dövrü (18-35), yetkinlik dövrü (35-65) və qocalıq dövrlərini (65 və üzəri) özündə cəmləyərək bir yol izləyir. Bu inkişaf dövrləri içərisində ən gərgin, ən ağır dövr ilk baxışda qocalıq dövrü olaraq görünsə də, həqiqətdə ən gərgin və ən həssas bir şəkildə keçən dövr yeniyetməlik dövrüdür. Yeniyetməlik dövründə insan həyatla barışmaqda, ətraf mühitə uyğunlaşmaqda, kainatın düzəniylə ayaqlaşmaqda çətinlik çəkir. Əgər bir insan bu dövrdə yetərincə dəstək görməzsə, anlaşılmaqdan məhrum qalarsa, ən yaxşı halda problemli, məhdudiyyətli bir xarakter üzərində öz həyatını formalaşdırmağa başlayacaq. Ən pis halı deməyə ehtiyac yoxdur. Təəssüf ki, son zamanlar ardı-arası kəsilməyən intihar hadisələri sualımızın cavabını verir. Bu intihar hadisələri özündən sonra hər zaman qapalı qalan suallarla cəmiyyətimizdə bir iz qoyacaq.

Bəs bu intiharların təməlində nə yatır?

– El arasında “Hirsli başda ağıl olmaz” deyə bir məsəl var. Hirs dediyimiz şey sadəcə bir emosiya olsa da, insanı öz alovuna ala biləcək bir gücə sahibdir. Emosiyaları qabarıq olan birisinin sağlıqlı və məntiqli şəkildə qərar verməməsi gözlənilə bilən bir hadisə olduğu hər kəsə məlumdur. Eynilə ümidsizlik hissi də insanı öz ağuşuna aldığı zaman, insan həyatla arasındakı bağlarını itirməyə başlayır. Yaşama istəyi sönür, davam etmək üçün heç bir şəkildə özündə güc toplaya bilmir. Bütün intihar edən insanları da öz ağuşuna alan ən ağır hisslər də ümidsizlik hissləridir. Ümidsizlik hissi özü ilə çarəsizlik və dəyərsizlik hissləri gətirir. Beləliklə, insan özünü həyatda dəyərli görmədiyi zaman yaşamını sonlandırmaq istəyər. Xüsusilə də bu ümidsizlik  hissləri yeniyetməlik dövründə baş verirsə…

İntiharlarda ailənin rolu nədir?

– Hər bir insan ilk öncə öz ailəsindən təsdiq, sevgi, anlaşılmaq, dəstək və dəyərli olduğunu görmək istəyir. Öz ailəsi və sevdikləri tərəfindən yetərincə dəyərli olduğunu bilən insanın həyata bağlılığı da yüksək olur. İntihar hər nə qədər fərdi bir seçim olsa da, intihara gedən yol ictimai bir hadisədir. Ailə, dost, yoldaş, məktəb, iş – bütün bunlar cəmiyyəti formalaşdıran ünsürlərdir. Hər bir insan özünə olan dəyəri bu ünsürlərdə tapmağa çalışır. İnsan bu ünsürlərdə  anlaşılmadığını, dəyərli olmadığını gördüyü zaman da ümidsizliyə qərq olur. Və intihardan başqa məntiqli bir seçimin ola biləcəyini görməməyə başlayır. Beləliklə intihar ilk başda fərdi seçim kimi görünsə də, əslində ictimai bir hadisə olduğu acı bir reallıqdır.

Pandemiyanın intiharlarda rolu varmı?

– Bütün bəşər tarixi boyu insan azad və firavan həyat üçün can atıb. Məhdudiyyətlərin ən az olduğu, imkanların isə daha geniş olduğu  əlverişli bir mühit üçün çalışıb. Təəssüflər olsun ki, pandemiya dövrü bir tərəfdən ölüm qorxusu ilə, digər tərəfdən azadlığı və imkanları ən yüksək səviyyədə məhdudlaşdıraraq, insanları əlverişsiz mühitdə yaşamağa məcbur etdi. İmkanlar məhdudlaşdırıldıqca insanların əhval-ruhiyyəsinin də azalması, depressiya halı ilə qarşı-qarşıya qalmaları gözlənilən bir proses idi. Əhval-ruhiyyəsi aşağı olan cəmiyyət problemlər qarşısında daha həssas və daha gərgin bir şəkildə mübarizə aparır. Pandemiya dövrünün ictimai və qlobal bir hadisə olması da insanların dünya və yaşam haqqında baxışlarını daha da ümidsizləşdirmək üçün əlverişli bir mühit yaratmış oldu. Həyatda daha yeni-yeni addımlamağa başlayan və həssas bir dövrdən keçən yeniyetmələrin əlavə bir gücə, dəstəyə ehtiyac olduqları bir vaxtda, pandemiya dövrü ilə üz-üzə qalmaqları, onları həyata qarşı daha da neqativ bir baxışlarla baxmalarına dəstək vermiş oldu.

İntihar edənlərin əksəriyyətinin qızlardan ibarət olmasının bir izahı varmı?

– Qadınların daha çox emosional varlıq olduğu bir gerçəkdir. Emosional dedikdə, bir çox insanlar bunu zəiflik kimi anlasalar da, bu anlayışın zəifliklə heç bir əlaqəsi yoxdur. Emosional bir qadın duyğusal bir dəstək gördüyü zaman problemlər qarşısında yalnız olmadığını anlamış olur. Emosiyalarını da mahir şəkildə tarazlamağı öyrənir. Təəssüf ki, cəmiyyətimizin müəyyən təbəqələrində oğlan fərdlərin yetişməsi ilə, qız fərdlərin yetişməsi arasında hələ də radikal fərqlər qalmaqdadır. Sözsüz ki, bioloji olaraq oğlan və qız bir-birindən ayrıdır. İnkişaf dövrləri də fərqli olacaq. Bu normaldır. Lakin cəmiyyətimizdə qız fərdlərimizin uğurlar qarşısında məhdudiyyətləri, yetərincə dəstəklənməmələri acı bir həqiqət olaraq qalır. Yeniyetməlik dövründə bu məhdudiyyətlər və anlaşılmamalar ailə içi və cəmiyyət daxili çəkişmələrə gətirib çıxara bilir. Təəssüflər olsun ki, bu gün bu çəkişmələri zəiflətmək əvəzinə, bu çəkilmələri alovlanlandıran müxtəlif qruplar və toplumlar da mövcuddur. Yeniyetməlik dövründə qız fərdlərin emosiyalarını fərqli yönə çəkə bilən toplumların olması bu çəkişmələrin acı sonluqla bitməsinə şərait yaratmış olacaq. Unutmaq lazım deyil ki, qız fərdlərin hər hansısa qrup və toplumlardan daha çox, ilk başda öz ailəsinin dəstəyinə və anlayışına ehtiyacı var.

Valideynlərarası münasibətlər uşağın psixologiyasına necə təsir edir?

– Övladın psixososial inkişafında valideynlərası münasibətin rolu böyükdür. Yaşamın ilk illərindən etibarən yeniyetməlik dövrünün sonuna qədər, xarakter formalaşması, həmçinin bir model alma üzərində gerçəkləşir. Ortalama 2-7 yaş arası yaş dövrü model almanın ən qabarıq dövrü olsa da, bu proses yeniyetməlik illərinin sonuna qədər davam edir. Övlad insanlarla münasibət qurmağı, dostlaşmağı, sədaqəti, dürüstlüyü, iş birliyini, ilk əvvəl valideynlərarası münasibətlərdən öyrənməyə başlayır. Valideynlər öz aralarında sevgiyə, hörmətə, anlayışa meylli bir münasibət yaradarsa, övladın da psixsosial inkişafı bir o qədər uğurlu davam edəcəkdir. Valideynlər arasında bəzən gərginliklərin olması normaldır. Lakin bu gərginliklər xroniki vəziyyət alırsa, övladlarının bu gərginliklərdən pay almaması üçün çıxış yollarını axtarmaqları da mütləqdir. Əks təqdirdə bu proses övladlarının insanlarla-cəmiyyətlə münasibətlərində gərgin, aqressiyaya meylli bir xarakter formalaşdırmasına xəritə rolunu oynayacaq. Valideynlər arasında şiddət və aqressiya nə qədər çoxdursa, övladların da şiddətə, aqressiyaya, ümidsizliyə qarşı yönlənmələri bir o qədər çox olacaq.

Gülnar Səlimova