İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər – SİYAHIbackend

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineri yanında operativ qərargah 2020-ci il 14 dekabr  saat  00:00-dan  2021-ci  il  18  yanvar saat 00:00-dək bütün ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilir.

Sənədə görə, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

– Bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;

– “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);

– fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

– dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları.

– Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.

– “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

– Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.

– Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

– ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

– yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

 

1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər
üçün baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı,
enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat sahələri üzrə:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;
4.3. neft avadanlıqları və qurğularının istehsalı;
4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.6. kimyəvi məhsulların istehsalı;
4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.8. əkinçilik və məhsul yığımı;
4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.13. mühəndislik və layihələndirmə xidmətləri;
4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.15. qablaşdırma məhsullarının istehsalı;
4.16. daş, metal və taxta məhsullarının istehsalı;
4.17. mebel istehsalı və təmiri;
4.18. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);
5.2. apteklər;
5.3. yanacaq doldurma məntəqələri;
5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. poçt xidmətləri;
6.3. kimyəvi təmizləmə;
6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.5. avtomobillərin təmiri;
6.6. avtomobil yuyulma məntəqələri;
6.7. heyvan sığınacaqları;

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;
9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

11. Otellərin fəaliyyəti.

12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.