İsrail Müdafiə Qüvvələrinə məxsus tanklar Qəzza zolağının cənubunda Əl-Məvasi humanitar zonası yaxınlığında mülki əhaliyə atəş açıb.
Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Hadisə Rəfah şəhərinin qərbində baş verib. İsrail tanklarının hücumu nəticəsində bir neçə mülki şəxsin yaralandığı bildirilir.
Dekabrın 16-da Ynet portalı Fələstinin radikal HƏMAS hərəkatı və İsrailin Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda “görünməmiş irəliləyiş” əldə etdiyini yazıb.
Fələstinin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının ötən ilin oktyabrında İsrail sərhədindəki yaşayış məntəqələrinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və hərbi əməliyyatlar çərçivəsində ora və Livan və Suriyanın bəzi ərazilərinə zərbələr endirməyə başlayıb.














