Livan kəşfiyyatçıları sentyabrın 20-də Beyrutun ətrafı Avkarda ABŞ səfirliyinin binasına hücum edən cinayətkarı saxlayıblar. “Əl Nəşrə” xəbər portalının məlumatına görə, Livanın daxili işlər naziri vəzifəsini icra edən Bəssam Mövləvi ABŞ-ın Livandakı səfiri Doroti Şiyə həbslə bağlı şəxsən məlumat verib.
Portalın məlumatına görə, cinayətkardan diplomatik missiyanın binasına atəş açan avtomat silah götürülüb. Həbs edilən şəxsin adı açıqlanmasa da, hüquq-mühafizə orqanlarındakı mənbələr onun fələstinli qaçqın düşərgəsinin yerləşdiyi Burj əl-Bərəcnə bölgəsində saxlandığını bildiriblər.
Cinayətkar gecə saatlarında səfirliyin binasına doğru pulemyotdan atəş açaraq hücumu həyata keçirib, sonra isə motosikletlə qaçıb. Hadisə nəticəsində küçədə dayanmış bir neçə avtomobilə ziyan dəyib. Səfirlik əməkdaşları arasında itkilər barədə məlumat verilməyib.
Mənbə: Lenta.ru













