Liviya Xarici İşlər Nazirliyi bu ölkəyə səfər etməmək tövsiyəsi ilə əlaqədar Rusiyadan açıqlama istəyib.
RİA Novosti bu barədə Liviya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətinin Liviyaya səfərdən çəkinməyi tövsiyə edən bəyanatını xüsusi diqqətlə öyrənib. Bununla əlaqədar, nazirlik təcili olaraq Rusiya Xarici İşlər Nazirliyindən hörmətli və şəffaf ikitərəfli münasibətlərə uyğun olaraq belə bir tövsiyənin nəyə sövq edildiyi və səbəbləri ilə bağlı aydınlıq gətirilməsini xahiş edir”, – Liviya Xarici İşlər Nazirliyi bildirib.
Rusiyanın Liviyadakı səfirliyi bir gün əvvəl elan etmişdi ki, ölkədə vəziyyət çox çətin və son dərəcə gərgin olaraq qalır, bu səbəbdən ruslara Liviya ərazisini heç bir nəqliyyat növü ilə keçmək tövsiyə edilmir.