Qlobal Bakı Forumu yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilibbackend

Paytaxt Bakı daha bir beynəlxalq tədbirə – Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Ənənəvi şəkildə keçirilən Forumda dünyada baş verən mühüm dəyişikliklər, təhlükəsizlik, sülh və digər problemlər müzakirə olundu. Təbii ki, belə tədbirlər və aparılan müzakirələr dünyanın qarşılaşdığı problemlərin həlli yollarında birgə səylərin birləşməsinə töhfə verir. Ən əsası da odur ki, bu məsələlərin həllində həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi əsas amillərdəndir.

Dünyada münaqişələrin, terror aktlarının və digər problemlərin artdığı bir dövrdə, məhz belə tədbirlərin keçirilməsinə ehtiyac yaranıb. Bu, hərtərəfli əməkdaşlıq və dostluq mühitində əlaqələrin qurulmasına, problemlərin həlli yollarının bir müstəvidə axtarılmasına dəlalət edir. Məhz Forum dünyanı narahat edən ən aktual problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda çıxış edən dövlət başçısı İlham Əliyevin verdiyi mesajlar diqqəti çəkəndir. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni reallıq, normallaşma prosesindəki vəziyyətlə bağlı fikirlərini, eləcə də bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyini bir daha ifadə edib.

Dövlət başçısı Avropada enerji təminatı ilə bağlı vəziyyətin kəskin dəyişdiyini və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatın artdığını vurğulayıb. Cənab Prezident çıxışında son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olduğunu bildirib: “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq”. Artıq bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. “Potensial daha böyükdür”, – deyən Prezident bildirib ki, artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir: “Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır”.

Forumda sülhün qorunması, təhlükəsizlik kimi məsələlər müzakirə edilib. Qeyd olunan bu və ya digər məsələlərin həllində ən mühüm amil qarşılıqlı rəğbəti və dostluq əlaqələrini daha da gücləndirməkdir. Müharibə və təhdidlərin aradan qaldırılması üçün dünya gücləri beynəlxalq səyləri artırmalıdır. Əlbəttə ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumuna Azərbaycanın ev sahibliyi etməsi təqdirəlayiqdir. Beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirmək və əməkdaşlığı genişləndirmək zamanın tələbidir. Bütün bunlar qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yollarını göstərmək baxımından son dərəcə əhəmiyyətli məsələdir. Təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmanın yolları bəşəriyyəti düşündürən məsələlərdir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahın yüksək olması vacib məsələlərdəndir.

Mehman Musayev
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,
AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi