2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdirbackend

2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyev “Mən ona özüm qədər inanıram! Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək deyərək, xalqı yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili, təşəbbüskar bir şəxsiyyətin ətrafında sıx birləşməyə çağırdı”. Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan daxili və xarici siyasət xəttini Azərbaycan Respublikasının 4-cü prezidenti seçilən İlham Əliyev ötən 19 il ərzində uğurla davam etdirdi, verilən vədləri yerinə yetirərək xalqın etimadını qazandı. Elm, təhsil, mədəniyyət, səhiyyə, humanitar sahələrdə aparılan islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı , siyasi partiyaların ölkənin ictimai-siyasi həyatında yaxından iştirakının təmin edilməsi, sabitliyi poza biləcək antimilli qrupların, xalqın, dövlətin malına göz dikənlərin darmadağın edilməsi və s. göstərdi ki, İlham Əliyev siyasətinin mərkəzində Azərbaycan dövləti, Azərbaycan vətəndaşı dayanır.

Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyətinə söykənən siyasi sistem ölkədə sabitliyin bərqərar olmasını təmin etdi. Dayanıqlı inkişafa hesablanmış neft kapitalının insan kapitalına çevirməsi siyasəti nəticəsində iqtisadiyyatımızın bütün istiqamətlərində canlanma və inkişaf baş verdi. Azərbaycan iqtisadiyyatına xarici və daxili sərmayələrin qoyulmasına xüsusi diqqət yetirildi. Neft və qeyri-neft sektorunun inkişafı, nəhəng infrastruktur layihələr ölkəmizin beynəlxalq arenaya çıxışını təmin etdi.

Prezident İlham Əliyev daxildə təhdid yarada biləcək tendensiyaların, o cümlədən etnik, siyasi və ideoloji qarşıdurma yaratmaq cəhdlərinə müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

Gənclər, mən sizə inanıram, güvənirəm deyərək həyata keçirdiyi Gənclər siyasətinin nəticəsi olaraq 44 günlük Zəfər tariximizdə Ali Baş komandanımız, Müzəffər Ordumuz və xalqımız Azərbaycan gəncliyinin çəkisini, qətiyyətini, döyüş əzmini, qələbə ruhunu çiyinlərində hiss etdi, hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə işğal altındakı ərazilərimizi yağılardan təmizləyərək yurdumuzu və ruhumuzu azad etdi.

Ötən müddət ərzində İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi xəttini davam etdirərək yeni–yeni nailiyyətlərə imza atdı. İxtisasca diplomat olan ölkə başçısının xarici siyasəti respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsi, bərabərhüquqlu, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulması, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası üzərində quruldu. Bu siyasət uzunmüddətli perspektivdə davamlı inkişafa, sabitliyin əldə edilməsinə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığının təmin olunmasına hesablanmışdı. Nəticədə xüsusi həssas bölgədə, münaqişələrin, konfliktlərin yaşandığı bölgədə yerləşən Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrildi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçildi, 2019-cu ildən bu günə qədər Qoşulmama hərəkatına rəhbərlik etdi. Azərbaycan inamla addımlayaraq sabitliyin, əmin-amanlığın qorunub saxlanılması naminə “Hücum diplomatiyası”na start verdi. İşğalçı qüvvələrin torpaqlarımızdan çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququ təkbaşına təmin etdi. Qətiyyətli siyasi-hərbi lider, Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuz II Qarabağ müharibəsində düşməni məğlub edərək, onları torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan sülhün carçısı olaraq regionda və beynəlxalq hüquq praktikasında yeni reallıq yaratdı. Təkcə regionun deyil, dünyanın ən güclüləri sırasına daxil olan Azərbaycan 2021-ci il iyun ayının 15-də Türkiyə ilə strateji müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”ni imzalamaqla Qafqaz və region üçün sülh və sabitlik mənbəyini təmin etdi.

Azərbaycanın ən yeni tarixinə imzasını atan, Ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyevin indi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu, işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu “Böyük Qayıdış” strategiyası yeni infrastrukturların yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin, ümumən regionun yeni inkişaf modelinə çevrilməsi, azərbaycanlıların təkcə Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışınının təmin edilməsidir. 2021-ci ilin sentyabr ayında Ali Baş Komandan “France 24” televiziya kanalına Zəngəzur dəhlizi ilə bağlı verdiyi müsahibəsində  bildirmişdir ki,  “Biz Zəngəzura qayıdacağıq, çünki 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqları zorla alaraq Ermənistana vermişdir, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Həmin müsahibəsində dövlət başçısı eyni zamanda bildirmişdi ki, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir”.

Və 2022-ci ilin dekabr ayı – Türk dünyasını, Avropanı, eyni zamanda bütün qonşu dövlətləri birləşdirəcək Zəngəzur dəhlizinin reallığa çevrilməsi uğrunda Azərbaycan xalqı və Prezidenti siyasi iradə və qətiyyət göstərir!

Bakı Slavyan Universiteti Humanitar və sosial elmlər fakültəsi

Diplomatiya və xarici siyasət kafedrası

t.e.ü.f.d.Əzizova Mahirə Əfsər qızı