Azərbaycan qadınının ləyaqət və alilik simvolubackend

Varlığı və fəaliyyəti ilə ölkəsinə ucalıq şərəfi gətirən dəyərli Azərbaycan xanımı

Bu bir tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”

Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məhz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rola malikdir. Azərbaycanda baş verən nəhəng sıçrayışlarda, ölkənin simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın danılmaz fəaliyyəti, genişmiqyaslı layihələri öz uğurlu nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 19 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə diqqət yetirsək bu kmmi əhəmiyyətli məqama layiq olan şəxs məhz Mehriban xanım Əliyevadır. Çünki O, fəaliyyəti müddətində gördüyü bütün işləri ilə, reallaşdırdığı nəhəng layihələri ilə həmin məqamı kifayət qədər təsdiqləmiş olur.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.Ölkəmizin inkişafında təhsilin misilsiz əhəmiyyəti olduğunu nəzərə alan Heydər Əliyev Fondu bir neçə iri miqyaslı layihələr hazırlayaraq həyata keçirmişdir. Bu baxımdan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi əhəmiyyət kəsb edir. Müəllifi Mehriban xanım Əliyevanın olduğu bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin qaldırılması əsas məsələlər sırasındadır. Təkcə 2005-2007-ci illərdə 60-dan çox rayonda 200 məktəb binası tikilmişdir. Respublikada uşaq evlərinin və internatların əsaslı şəkildə yenidən qurulmasına dair “Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar tikilmiş, təzə avadanlıqlarla təmin olunmuşdur. Son illərə qədər ölkəmizin bütün regionlarında təhsil sistemindəki əsas problemlər Mehriban xanımın qayğısı və diqqəti nəticəsində artıq öz həllini tapmışdır. Ümumiyyətlə, belə bir münasibət ölkəmizin pedaqoji kollektivlərini, bütün müəllimləri, tərbiyəçiləri saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, ən başlıcası Vətənini alovlu məhəbbətlə sevən uşaqların və gənclərin tərbiyə edilməsinə səfərbər edir. İstər milli mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində həyata keçirilən mühüm layihələr Mehriban xanımın geniş dünyagörüşündən, yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Milli Gimnastika Federasiyasının Prezidenti kimi Mehriban xanım Əliyeva gənc nəslin fiziki-mənəvi sağlamlığının təminatı məqsədilə genişmiqyaslı iş aparır.

“Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam”

Mehriban xanım Əliyevanın çoxsahəli fəaliyyəti əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik ənənələrinin, xalqa sədaqətlə xidmət etmək missiyasının böyüklüyündən xəbər verir. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi isə onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.

Eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlıdır. Mehriban xanım Əliyeva 2017-ci il fevralın 21-də Birinci vitse-prezident kimi ilk çıxışında demişdi: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bəli, bu gün biz Mehriban xanım Əliyevanın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Mehriban xanım Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlət başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Bütün bunlar xalqa sədaqətlə xidmət etməyin bariz nümunəsidir.
Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Birinci vitse-prezident Mehriban Əliyevanın ötənilki fəaliyyəti ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verib. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin ən yaxın silahdaşı, dayağı olan Mehriban xanım Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.
2021-ci il Azərbaycanın tarixində olduqca yüksək uğurlarla yadda qaldı. Öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir. 2021-ci ildə respublikamızın əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərimizin bərpası olmuşdur. Belə ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qarabağın giriş qapısı adlandırılan Ağdama səfəri, səfər zamanı bərpa işləri, o cümlədən Acdam Cümə məscidinin Heydər Əliykv Fondu tərəfindən bərpa-restavrasiya işlərinin aparılması bir daha Mehriban xanımı Əliyevanın xalqına, dövlətinə sevgisinin təsdiqidir. Həmçinin, Mehriban xanım Əliyevanın ölkə Prezidenti İlham Əliyevlə mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara səfəri bir daha öz Vətəninə, torpağına bağlılığın təcəssümüdür. Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban xanım Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. Mehriban xanım Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı mühüm mesajlar verirdi.
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.
Mehriban xanım Əliyevanın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Bəli, bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə bütün bu işlərində uğurlar arzulayırıq.

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri