Azərbaycan xalqının milli sərvəti Heydər Əliyevbackend

May ayının 10-nun 1923-cü ildə Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Əlirza oğlunun anadan olmasının 100 ili tamam olur. Çağdaş şanlı tariximiz, qürurla dolu gerçəkləyimiz mərhum dahi Liderimizin misilsiz xidmətlərinin təzəhürü olaraq, bir Vətən oğlunun öz xalqına,  öz məmləkətinə olan sonsuz sevginin və sadiqliyin səlnaməsidir.

Arabir ürəyimdə bir narahıtlıq hissi yer alaraq, əzablı sualın girovluğuna məruz qalmasına səbəb olur – Azərbaycan xalqının taleyində Heydər Əliyev kimi nəhəng övlad olmasaydı görəsən xalqımız tariximizin hansı dönəmini yaşayardı, hansı taleyi ilə rastlaşardı, hansı çətinliklər və bəlalarla üz-üzə gələrdi, hansı müsibətlərlə qarşılaşardı?! Vətəndaş müharibəsinin real təhlükəsi, hakimiyyətin anarxik durumu, hərc-mərcliyi  və özbaşnalığı, primitivliyi və kəskin səriştəsizliyi, torpaqlarımızın zəbt edilməsi, müstəqilliyimizin itirilməsi təhlükəsi, antiazərbaycan qüvvələrinin aktivləşməsi və başqa-başqa təhdidlər ölkəmizin üzərində qara buluda dönmüşdü. Çox qaranlıq gəlir mənə “Heydər Əliyevsiz “ vəziyyətimiz. Uca Tanrının öz məmləkətimə böyük mərhəməti idi “Heydər Əliyev varlığının xoşbəxtliyi”ni yaşamaq.

Ümumumilli lider Heydər Əliyev 1969 – 1982-ci illərdə Azərbaycan Respublikasına uğurlu rəhbərliyi nəticəsində xalqın sevgisini və dərin etimadını qazanmışdır. Onun idarəetmə fəlsəfəsinin əsas ideyası azərbaycançılığın güclənməsi və təbliğatı idi. Dahi Lider doğma Azərbaycanın müstəqil olacağını hər zaman düşünüb və respublikanın gələcəyinə hesablanan bir çox işlərin həyata keçirilməsinə hələ sovet dönəmində töhfə vermişdi. Ulu Öndərin ilk hakimiyyət dönəminin uğurlu fəaliyyəti gələcəkdə doğma Azərbaycanın müstəqil dövlət kimi təşəkkül etməsi ideyasına köklənmiş və bu ideya onun Azərbaycan Sovet Respublikasının birinci katibi olduğu dövrdə də özünəməxsusluğu ilə seçilmişdir. Dahi Liderimiz yeni Azərbaycanı – bugünki Azərbaycanı SSR-in rəhbərliyini şübhəyə salmadan ustalıqla, yüksək peşəkarlıq və bəsirətliliklə o zamandan qurmağa başlamışdır.

XX əsrin 90-ci illərin əvvəlində müstəqil respublikamız ciddi problemlər burulğanına düşəndə, xalqımız Heydər Əliyevin hakimiyyətə gətirilməsini respublikanın o dövrdəki rəhbərliyindən tələbi irəli sürərək, buna nail olmuşdur. Azərbaycan xalqının  Heydər Əliyev şəxsiyyətinə, onun siyasi təcrübəsinə olan inamı Azərbaycanı böyük bəlalardan qurtardı. Heydər Əliyev həmin ilin iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri, 1993-cü il oktyabr ayının 3-də keçirilmiş ümümxalq referendumun nəticəsində isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bununla da, Azərbaycan dövlətinin yeni tarixi səlnaməsinin növbəti və bu günə qədər davam edən uğurlu və möhtəşəm bir mərhələnin başlanğıcı qoyulmuşdur.

Ulu Öndərin Azərbaycan dünyaya günəş kimi doğacaq ideyası bu gün dəfələrlə öz əyani sübutunu yaşayıb. Son 30 ildə ölkəmizin bütün sahələrində gedən sürətli inkişaf nəticəsində dövlətimiz ilə əldə edilmiş uğurların hesabına Azərbaycan bir çox dünya ölkələri üçün etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda bir neçə beynəlxalq miqyaslı layihələrin müəllifi olan dövlətimiz söz sahibliyinə malik olan güclü iqtisadi və siyasi subyektdir. Ölkəmizin müstəqilliyinin bərpasından sonra uğurlu inkişaf strategiyası, onun çevik daxili və xarici siyasəti, cənab Prezident İlham Əliyevin mahir diplomatik və müzəffər sərkərdəlik təcrübəsi dünya icması üçün uzun illər araşdırmalar mövzusu kimi qalacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Heydər Əliyev fenomenal qabiliyyətlərə malik, bəşər miqyaslı, müharibə zamanı sülh quran  nəhəng şəxsiyyət idi. O elə nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət qurulucuğu konsepsiyasını işləyib və onun reallaşdırılmasında böyük uğurlara imza atmışdır. Azərbaycan adında olan məmləkətini dünyaya tanıtdıraraq, gələcəkdə onun müstəqil siyasəti aparmağa qadir olan bir dövlətə çevirmişdir. Bütün varlığı ilə öz doğma xalqına, sevimli Vətəninə bağlı olan dahimiz son nəfəsinə qədər öz xalqını düşünmüşdü. Ümummilli Lider Heydər Əliyevin zəngin, tükənməz irsi xalqımızın milli sərvətidir və onun qorunub saxlanması, gələcək nəsillər tərəfindən daha da geniş araşdırılması mühüm əhəmiyyətə malikdir.

Dosent Sevinc Axundova

Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun

Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri