Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb-ŞƏRHbackend

Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəmin verilməsi ölkəmizlə münasibətlərin qurulmasında maraqlı olduqlarının təzahürüdür. Mövcud münasibətlər Azərbaycanın dünya dövlətləri ilə siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığına söykənir. Bir çox dünya dövlətləri kimi, Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olmuş və Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara dəniz vasitəsilə Avropaya qədər uzanmışdı. Müasir dünyamızda dünyanın ən böyük dövlətlərindən biri olan Çin dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycanla bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində səslənən fikirlər dövlətlərarası dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu qabarıq şəkildə büruzə vermiş oldu. Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq edir. “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik” – deyə müsahibəsində bildirən Azərbaycan Prezidenti İlham Əliyev indi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qurduğumuzu diqqətə çatdırıb.

Bildiyimiz kimi, Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapmış oldu. Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında qurulan əlaqələr qarşılıqlı inam və etimada, tərəfdaşlığa söykənir. İkitərəfli əlaqələrimizdə iqtisadi münasibətlərin inkişaf səviyyəsinin yüksəlməsi bu gün hər iki dövlətin geniş potensialının tam şəkildə istifadəsinə real şərait yaradır. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi”, – deyən Prezident bildirib ki, Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq: “Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri – avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi”.

Azərbaycan son illərdə nəqliyyat, tranzit və logistika potensialını daha da yüksəldib. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Bakı-Yalama xətti, daha sonra Ələt-Astara xətti də modernləşdiriləcəkdir. Azərbaycan Prezidenti müsahibəsində Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə edərək, ölkəmizdə buna böyük potensial olduğunu qeyd edib. Azərbaycanın prioritetlərinə gəldikdə isə, bərpaolunan enerji mənbələrinin Azərbaycan üçün indi əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb. “Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq”, – deyə Cənab Prezident bildirib.

Qeyd edək ki, ölkəmizdə yaşıl enerji ilə bağlı potensialın çox böyük olması diqqəti çəkən məqamlardan biridir. Xəzər dənizinin külək potensialı 157 qiqavat və qurudakı potensial 27 qiqavatdır. İşğaldan azad olunan ərazilərimizdə isə 10 qiqavat potensial vardır. Göründüyü kimi, Azərbaycanın son illərdə nəqliyyat, tranzit və logistika potensialını daha da yüksəlir və ölkəmiz bu sahəyə böyük vəsait, sərmayə qoyur. Azərbaycan həqiqətləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələri böyük əhəmiyyətə malikdir. İrimiqyaslı layihələrin təşəbbüskarı və müəllifi olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaşdır.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri