Damsız qalan AĞDAMbackend

İkinci dəfə idi bütöv Ağdama səfər edirdim. Hər ikisi də çarə tapmaq üçün olan səfər idi. İlk səfərim orta məktəbdə oxuyanda, sovetlərin tərkibində, 15 müttəfiq respublikanın dinc, yanaşı yaşadığı illərdə baş tutmuşdu Ağdama. Çarə tamaq üçün. O illərdə Ağdamın Abdal Gülablı kəndində Müslüm kişi deyilən bir təbib vardı və səhhətimdə baş verən problemlə əlaqədar üz tutmuşduq Qarabağın əsas gözü olan bu rayona. Müslüm kişinin sorağı nəinki bütöv Azərbaycana, hətta mənfur qonşularımıza belə gedib çıxmışdı və təsadüfən həmin vaxt bir neçə dığa ailəsi də Abdal Gülablıya çarə tapmağa gəlmişdi.

Adətən ilk səfərlər çox həyacanlı olur deyirlər və bir qayda olaraq həmin səfərin tez bir zamanda baş tutmasını arzulayırsan. Qarşılaşacağın yeni mənzərə, ətraf mühit, görüb-görəcəyin yeniliklər səni hədsiz dərəcədə o səfər üçün səbrsizləşdirir. Necə ki, işğaldan azad edilən Ağdam rayonuna bu günlərdə həmkarlarımla baş tutan səfər kimi. 30 ilə yaxın Ağdamı işğal altında saxlayan düşmənin Qarabağın gözü sayılan bu rayonda olmazın vəhşiliklər törətdiyi, müharibə cinayətlərinə yol verdiklərini həm televiziya kanallarından seyr etmişdim, həm də 44 günlük Vətən müharibəsindən sonra Ağdama səfər edən həmkarlarımın dilindən eşitmişdim. Ancaq “100 eşitməkdənsə 1 görmək” ənənəsinə sadiq qalaraq Ağdamı bir də öz gözümlə görüb uşaqlıq illərinin Ağdamı ilə müqayisə etmək istəyimdə idi. Medianın İnkişafı Agentliyi sağ olsun ki, mən də daxil olmaqla bir çox həmkarlarıma bu imkanı yaratdı.

Ağdama yadda qalan iki səfər

Qeyd etdiyim kimi bütöv Ağdama baş tutan hər iki səfərim çarə tapmaq məqsədi daşıyırdı. Birincidə özümə, ikincidə isə Ağdama çarə tapmaq üçün gedirdik. Gedirdik ki, gördüklərimizi yazaq, yazdıqlarımızı əhatə dairəmiz oxusun, məlumatlı olsun, gözü kor, qulağı kar olan bəzi beynəlxalq dairələr hərəkətə keçib Ağdamın düşmüş olduğu duruma, acınacaqlı vəziyyətə çarə tapmağı düşünsünlər.

Avtobusumuz Bərdəni keçib üzü Ağdama doğru irəlilədikcə həyəcan daha da artır. Qarşılaşacağımız mənzərə qiyabi də olsa bizə tanışdır. Ancaq onun əyani şahidinə çevrilmək, öz gözlərinlə görmək nə dərəcədə qürurlu olsa da, bir o qədər ağrıdıcıdır. Keçmiş təmas xəttindən üzü Ağdamın mərkəzinə istiqamət aldıqca bu qüruru daha yaxından hiss edirik. Düşmənin Azərbaycan Ordusundan, Azərbaycan əsgərindən nə dərəcədə qorxduğu hər addımda hiss olunur. Ağdamın Uzundərəsindən İmarətə qədər uzanan yol boyunca Ohanyan səddi deyilən ərazidə basdırılmış minalar azmış kimi, düşmən həmin minalı ərazilərdən 200-300 metr aralıda, yol boyunca hər 50-100 metr məsafədə postlar quraşdırıb, müdafiə sistemləri təşkil edib. Halbuki əks- hücum əməliyyatı Ağdam istiqamətindən olsaydı Azərbaycan Ordusunun Ohanyan səddindən keçməsi mümkünsüz olacaqdı.  Bu reallığın qarşılığında düşmənin həmin səddən 200-300 metr məsafədə sistemli şəkildə müdafiə postları qoyması bir daha ermənilərin Azərbaycan Ordusundan, hərbiçilərindən nə dərəcədə qorxduqlarını təsdiqləyir. Minalardan söz düşmüşkən, düşmən Ağdamın hər addımını, hər qarışını, hər küçə və prospektini demək olar ki, minalayıb. 6 saatlıq Ağdam səfərimiz zamanı gəldiyim qənaət, eləcə də apardığım müşahidələr ondan ibarət oldu ki, Ağdamın ərazisinin 95 faizi ermənilər tərəfindən tamamilə minalanıb. İşğaldan azad edilmiş digər şəhər və rayonlarımıza nisbətən Ağdamın böyük bir ərazisinin minalanmasının əsas səbəblərindən biri də düşmənin bu rayondan çıxması üçün ona müəyyən bir vaxtın verilməsi olub. Belə ki, Azərbaycanın humanist yanaşmasından sui-istifadə edən ermənilər 10 noyabr bəyanatına müvafiq olaraq Ağdamı tərk edərkən rayon ərazisini demək olar ki, tamamilə minalayıb. Bu azmış kimi indi də Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə vermək istəmir. Ona görə də Ağdamda minatəmizləmə əməliyyatı həddən artıq ağır və təhlükəli şəraitdə davam edir.

Viran qoyulmuş məkan

Uzundərədən İmarətə, Ağdamın mərkəzinə doğru hərəkət etdikcə yol boyu dəhşətli mənzərənin şahidinə çevrilirsən. Uşaqlıq illərində gördüyüm Ağdamdan əsər-əlamət belə qalmayıb. Hər tərəfi yaşıllığa qərq olmuş, quşları cəh-cəh vuran, qoyun-quzuları mələşən, bir sözlə insani valeh edən Ağdamı indi viran qoyulmuş, hər daşı, divarı dağıdılmış, məhv edilmiş Ağdam əvəzləyib. Ağdamda son iki əsrdə tayı-bərabəri olmayan vəhşilik törədilib, cinayətə imza atılıb, vandallıq nümayiş etdirilib desək yanılmarıq. Düşmən Ağdamı işğal altında saxladığı bu illər ərzində təkcə onun təbii sərvətlərini mənimsəməyib, onun təbiətini də məhv edib. Elə bunun nəticəsidir ki, baharın havası, gözəllikləri indi Ağdamda hiss edilmir. Göydə uçan, budaqda xoş səsi ilə ətrafa xoş ovqat bəxş edən bir quşa belə rast gəlinmir. Düşmənin vəhşiliklərindən quşlar da Ağdamı tərk edib, xaraba, viran qoyulmuş bu məkandan didərgin düşüblər.

Həmkarlarımın dediyi kimi Ağdamda həyat donub, Ağdam ruhlar şəhərinə çevrilib. Təsadüfən demədim ruhlar şəhərini. Çünki mənfur düşmən hətta qəbirstanlıqlarda belə qeyri-insani hərəkətlərə yol verib, qəbirləri qazaraq meyitləri oradan çıxarıb, onun qalıqlarını ətrafa səpələyiblər. Xocalı şəhidlərinin dəfn olunduğu qəbirstanlıqda onlarla belə boş məzarlar mövcuddur. Qazılıb çıxarılan məzarların sahibləri soyuq torpaq altında da rahat buraxılmadıqları üçün göylərə qərq olublar. İndi Ağdam səmasından viran qoyulmuş Ağdamı seyr edirlər. Hər addımda bu cür qazılıb çıxarılmış məzarlara rast gəldikdə dəhşətə gəlirsən, insan bu qədər vəhşi olarmı? Azərbaycana, azərbaycanlılara düşməndə nə dərəcədə nifrət, hiddət hissi var ki, hətta məzarlarımızdan belə qisas almaqdan çəkinmirlər. Meyitlər, məzarlarla belə qisasçılıq edən, onları dağıdan, qazıb qalıqlarını torpaqdan çıxarıb ətrafa səpələyən biri ilə bundan sonra normal qonşuluq münasibətləri ilə yaşamaq olarmı? Məncə yox. Təkcə Xocalı şəhidlərinin basdırıldığı qəbirstanlıq deyil, eləcə də Ağdamda mövcud olan digər kütləvi dəfn məkanlarında eyni mənzərədir. Bələdçimiz  Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının mərkəzi aparat rəhbəri Zülfü Qasımov daha bir neçə ərazini bizə göstərir. Onlardan biri Ağdamdakı ikinci Şəhidlər Xiyabanı deyilən məkandır. Burada bir dənə olsun belə məzar daşı, onun qalıqlarına rast gəlmək mümkün deyil. Ermənilər onu tamamilə dağıdıb, məhv ediblər. Qonşusunun, azərbaycanlının, konkret olaraq bir insanın meyiti, məzarından belə qorxan, onu məhv edən erməninin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu işğaldan sonrakı Ağdam mənzərəsi ortaya qoyur.

Azərbaycana və dünyaya göz dağı

Ermənilər Ağdamda törətdikləri vəhşilik, vandallıqla demək olar ki, Azərbaycana göz dağı veriblər. İşğaldan azad edilən rayon ərazisində bir dənə belə salamat tikiliyə rast gəlmək mümkün deyil. Mənfur düşməndəki nifrət hissi o dərəcədə formalaşıb ki, bütün yaşayış evlərini dağıdıb, nəinki insan, hətta heyvanın belə sığınacaq tapması üçün mümkünsüz hala gətiriblər. Beş mərtəbəli yaşayış binaları, fərdi evlər, dövlət idarələri, ictimai iaşə müəssisələrinin dam örtükləri, qapı-pəncərələri, hətta mişar daşlarını belə ermənilər söküb aprıblar. Bu gün işğaldan geriyə qalan yalnız budur. Bir dənə belə damı qlmayan, damsız qalan AĞDAM.  Bu azmış kimi həmin binaların ətrafını da minalayıblar. Təsəvvür edin, işğal başa çatıb, Ağdama gedirsən, lakin olduğun məkandan 50 metr irəli addım atıb ata-baba ocağını ziyarət edə bilmirsən. Çünki hər addımda düşmən mina basdırıb. Yuxarıda da qeyd etdiyim kimi ermənilər Ağdam xarabalıqları yaratmaqla Azərbaycana göz dağı veriblər. Ancaq eyni zamanda bu dünyaya verilən bir göz dağıdır. Ermənilərin, erməni cinayətlərinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunun sübutu, təsdiqidir. Dünya da bu erməni vəhşiliyini, qeyri-insani davranışları görür və ona səsssiz qalmamalıdır.

Ermənidən qaçan heyvan aləmi

Ermənilərin Ağdamda törətdikləri vəhşiliklərdən təkcə canlı təbiət, bitki aləmi deyil, eləcə də heyvan aləmi də öz payını alıb, onun qurbanına çevrilib. 6 saatlıq Ağdam səfərimiz zamanı nə bir quş səsi eşitmədiyimiz kimi, nə də it hürültüsü, pişik miyoltusunu duymadıq. Sanki heyvanlar da erməni vəhşiliklərindən, pisliklərindən baş götürüb Ağdamdan qaçıb. Bir sözlə düşməndən uzaq duran heyvan aləmi də ermənilərin cəmiyyətə “bəxş etdikləri” yeniliklərdəndir. Göründüyü kimi təkcə insanın deyil, heyvanın da səndən uzaq durması, səndən qaçması sənin sivil cəmiyyətə, bəşəriyyətə yararsız bir məxluq olduğundan xəbər verir.

Düşmənin Şahbulaq hiyləgərliyi

Agdamda yalnız Şahbulaq qalası qismən abad vəziyyətdə qalıb ki, buranı da haylar özlərinin mədəniyyət mərkəzi kimi mənimsəməyə cəhd ediblər. Qalada hər addımda rast gəldiyimiz bəzək əşyaları, şərab məhsullarının reklam lövhələri və digər maarifləndirici xarakter daşıyan bilgilər onu deməyə əsas verir ki, Şahbulaq qalası hayların davamlı olaraq yığılıb məclis, şənliklər təçkil etdiyi məkan olub. Hətta qalanın divarlarını da öz cızma-qara  hərifləri ilə bəzəyiblər ki, ənənələrinə sadiq qalaraq tarixi saxtalaşdırsınlar.

Ümumiyyətlə, Ağdamın hər qarışı, hər addımı ürək parçalayır, qəlblər sızladır. Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin uğurlu nəticələrindən biri kimi Ağdamımıza qovuşsaq da, lakin görünən odur ki, ermənilərin bu rayonda törətdikləri vandallıqları aradan qaldırmaq üçün hələ uzun illər lazım olacaq. Çünki Ağdam adlı bir məkandan geriyə qalan yalnız ucsuz-bucaqsız düzlər və xaraba qoyulmuş tikililərdir.  Müşahidələrimin nəticəsi olaraq qənaətim ondan ibarətdir ki, erməni vandallarının viran qoyduğu yaşayış massivləri, tikililəri hələ on illərlə bərpa etməyə zərurət yoxdur. Həmin ərazilər, hətta Ağdamın özü belə Çernobil kimi xarici turistlər üçün açıq şəhər elan edilməlidir. Qoy, Azərbaycana təşrif buyuran xarici turistlər, hətta dövlət rəsmilərinin belə Ağdama davamlı səfərləri təşkil edilsin və onlar erməni vəhşiliklərini öz gözləri ilə görsünlər.

Süleyman İsmayılbəyli