Deputat: “İkibaşlı oyunlar Ermənistanın öz başında çatlayacaq”backend

“Ermənistan  Azərbaycanın şərtlərini qəbul edib sülh sazişi imzalama prosesini uzatmasından uduzan tərəf ancaq özü olacaq. Nə qədər gec deyil Ermənistan  ən müxtəlif bəhanələrlə və ya ikibaşlı oyunları ilə sülh sazişinin imzalanmasını uzatmamalıdır. Bu ikibaşlı oyunlar Ermənistanın öz başında çatlayacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu 12 apreldə keçirilən müşavirədə bəyan edib ki, sözdə sülh bəyan edib, əməldə isə bunun əksini etmək vaxt itkisidir. Bölgədə sülhün təmin olunması və gələcək inkişafı ilə bağlı nəzərdə tutulan görüntü naminə olacaqsa, o zaman bütün bunlar öz əhəmiyyətini itirəcəkdir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov Ermənistanın  Azərbaycanla sülh sazişini imzlama prosesini uzatması və son günlərdə revanşist qüvvələrin aktivliyi ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə,  Ermənistan yürütdüyü işğalçılıq siyasətindən hərtərəfli formada uduzan tərəfi özü olub.

“İrəvanın yürütdüyü dalan siyasəti nəticəsində Ermənistan dalan bir ölkəyə çevrilib. 30 il müddətində yürüdülən işğal siyasəti nəticəsində ölkədə davamlı olaraq siyasi, sosial-iqtisadi, hakimiyyət, dövlətçilik böhranı yaşanıb. Bu siyasətdən əl çəkməyincə Ermənistanı hər hansı inkişaf gözləmir və bunu gözləməyə də dəyməz. Əksinə necə indiyədək regional iqtisadi əməkdaşlıq formatlarından kənarda qalmışdısa, bundan sonra da  Azərbaycanın 44 günlük müharibənin yekunu olaraq  Cənubi Qafqazda yaratdığı  geosiyasi reallıqlardan öz xalqının gələcək rifahı naminə əməkdaşlıqdan faydalana bilməyəcək”- o qeyd edib.

Deputat əlavə edib ki, əgər Ermənistan bir müstəqil dövlət kimi formalaşıb, inkişaf etmək istəyirsə 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların tələblərini vaxt itirmədən icra edərək, sülh sazişi imzalamalıdır. “Ermənistan yenə də destruktiv mövqeyini davam etdirəcəksə, Azərbaycan İrəvanı sülhə məcbur etməyin yolunu yaxşı bilir. Bunun üçün Azərbaycanın yetərincə gücü, resursu və alternativləri mövcuddur.

Digər bir məqam isə zaman keçdikcə dünyada formalaşan yeni düzəni, xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycandan fərqli olaraq İrəvanın bölgədə marağı olan xarici güclərdən öz maraqları üçün istifadə etmək istiqamətində manevr imkanları da məhdudlaşır. Manevr imkanların məhdudlaşması isə İrəvanı növbəti çıxılmaz bir dalana salacaq.

İrəvandakı millətçi qüvvələrin revanşizm  fəaliyyətinə gəldikdə deyə bilərəm ki, onların  Azərbaycana qarşı hər hansı hərəkəti mümkün deyil. Dəmir yumruq hər an hazır vəziyyətdədir və bunu onlar özləri də yaxşı bilir. Onlar sadəcə yaranmış durumdan daxili siyasətdə, həm də  bölgədə  gərginliyin davam etməsində maraqlı olan xarici qüvvələrə nökər xidməti göstərməkdən başqa bir şey deyil. Bu nökər xidmətindən  nəticə etibarı ilə əziyyət çəkən yenə də ermənilər və Ermənistan olacaq”.