İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni realığa çevirdibackend

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.

Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.

Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Azərbaycan davamlı olaraq sosial-iqtisadi qüdrətini artırır, siyasi mövqelərini möhkəmləndirir.  Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini qətiyyətlə söyləməyə əsas verir. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar. Cənubi Qafqaz ölkələrinin büdcələrində maraq doğuran məqamlardan biri də hərbi xərclərlə bağlıdır. Ölkəmizdə 2021-ci ilin dövlət büdcəsində ölkənin müdafiə və milli təhlükəsizliyi üçün 4,58 milyard manat (2,7 milyard dollar) ayrılacaq. Bu ötən illin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır.

2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin 5 istiqamətdə xərclənəcəyi qeyd olunub. Müdafiə qüvvələrinə ayrılan xərclər 15,8 faiz, milli təhlükəsizliyə ayrılan xərclər 6,6 faiz, sərhəd xidmətinə ayrılan xərclər 0,9 faiz, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün ayrılan xərclər 2,6 faiz, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün isə əvvəlki illə müqayisədə 31,2 faiz artırılıb.

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 900 milyon lari və ya 274 milyon 655 min dollar təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 9,8 dəfə azdır.

Ermənistan cari ildə ordusuna 312 milyard dram və ya 597 milyon dollar ayıracaq. Müdafiə sahəsindəki xərclər 2020-ci ilə nisbətən cəmi 1,3 faiz artıb. Ən diqqətçəkən məqam odur ki, müdafiə xərcləri sosial təminat və dövlət idarəetməsi xərclərindən sonra üçüncü yerdədir. Başqa sözlə, dövlət borcunun idarə edilməsi və dövlət aparatının qorunmasını özündə cəmləşdirən dövlət idarəçiliyinə müdafiədən daha çox pul ayrılıb.

Bütün hallarda, aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırsa da, Azərbaycanla ayaqlaşmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədləri xərcləri Ermənistanla müqayisədə təxminən 4,5 dəfədən artıq olacaq.

Vətən müharibəsidə qələbə qazanan Azərbaycanın hərbi xərclərini artırması ekspert dairələrində maraq və təəccüblə qarşılanıb. Hərbi xərclərin artırılmasının bir neçə səbəbi var. Prezident İlham Əliyev Qubadlı səfəri zamanı hərbi xərclərin artırılmasının bir neçə səbəbini vurğulamışdı: “İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur”.

Dövlət başçısı bildirib ki, bundan sonra da ordumuzun müasirləşdirilməsi, onun döyüş potensialı, peşəkarlığı daim diqqət mərkəzində olacaq: “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmayacaq. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır”.

Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan öz silah və texnika arsenalını bərpa etməlidir. Müxtəlif hesablamalara görə, ölkəmiz Vətən müharibəsində Ermənistan ordusunu məhv etmək dəyəri milyonlarla ölçülən hərbi texnika, silah-sursat istifadə edib. Gələn ilin dövlət büdcəsi  ilə bu boşluğun doldurulacağı gözlənilir

Elvin İsa oğlı Cəfərli

Bakı Slavyan Universiteti