Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idibackend

Şuşa Qarabağın tacı olan xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa  hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. O vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.  44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.  Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Çox qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Müzəffər Azərbaycan Ordusu tərəfindən bu şəhər azad edildi. Ermənistan ordusu yalnız Şuşada deyil, bütün Qarabağda və Şərqi Zəngəzurda biabırçı məğlubiyyətlə üzləşdi, işğalda saxladıqları müddətdə belə onların olmamış, hər zaman yad kimi yaşadıqları Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qaldılar.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün azərbaycanlıların adından Şuşaya gözaydınlığı verdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı və sürətli tikinti-bərpa, quruculuq işlərinə start verildi. Qarabağın və Şərqi Zəngəzurun tarixində yeni dövr başladı. Otuz ilə yaxın davam edən işğal müddətində erməni vandallarının dağıtdıqları, tarixi görkəmini dəyişməyə çalışdıqları Şuşa da qürur və sevinc dolu çağlarına qədəm qoydu.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq. Prezident İlham Əliyev çıxışlarında erməni təcavüzkarlarının işğalına uğradıqdan sonra Şuşada yarımçıq qalan silsilə beynəlxalq tərbirlərin yenidən keçiriləcəyinin də müjdəsini verir. Vətən müharibəsindən sonra hər bir azərbaycanlı düşmənin uzun illər vurduğu maddi ziyanın, mənəvi yaraların nə qədər ağır olduğunu daha açıq, aydın gördü. Erməni vandalları yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün misilsiz tarixi əhəmiyyətini nəzərə almadan qədim abidələri uçurub dağıtmış, saxtalaşdırmağa çalışmışdılar. Azərbaycan dövləti, Azərbaycan xalqı işğalçı ermənilərin otuz ilə yaxın vurduqları böyük maddi ziyanın və mənəvi zərbələrin nəticələrini aradan qaldırmaqla məşğuldur.

Şuşa başdan-başa quruculuq meydanına çevrilib və eyni zamanda şəhərdə bir-birindən maraqlı yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir. Pezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edilir. İlk dəfə 1989-cu ildə keçirilmiş “Xarıbülbül” festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra – ötən ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil olundu. O zaman “Xarıbülbül” festivalının açılış mərasimində dövlət başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, – demişdi. Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin bir ili tamam oldu. Şuşa Bəyannaməsində iki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi əksini tapıb. Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Şuşa  Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra hüquqi müstəviyə keçdi. Beynəlxalq hüquqa istinad olunmuş Şuşa Bəyannaməsinin həm qlobal, həm də regional əhəmiyyəti olduqca böyükdür. Bu il iyunun 15-də Bəyannamənin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev konfransın iştirakçılarına müraciətində bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini diqqətə çatdırdı: “Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir”.

Bakı Slavyan Universiteti

dosent Sevda Axundova