Peşəsi: Dövlət qulluqçusubackend

2-ci dərəcə Dövlət müşaviri Qurban Sadıqovun 60 illik yubileyinə dost sözü

Aparat strukturunda öz sahəsi üzrə aidiyyəti məsələlərin cavablandırılmasına hər an hazır olan təcrübəli dövlət qulluqçuları, məmurluq şərəfini qoruyan peşəkar kadrlar hər zaman məmnunluq doğurur. Ölkəmizdə “əmri yerinə yetirən” (“məmur” sözünün ərəbcə mənası belədir) icraçı məmur kadrların sayı on minlərlədir! Vəzifə borcunu vicdanla yerinə yetirən, dövlətə sədaqətlə xidmət edib halal zəhmətlə dolanan peşəkar məmurların, intizamlı kadrların yetişib formalaşması üçün illərlə zəhmət tələb olunur. Odur ki, dövlət qulluğu sahəsində çalışan peşəkar insanlara, dəyərli kadrlara həssas, qayğıkeş münasibət dövlətçilik baxımından çox vacibdir.

Hörmətli oxuculara zəhmətlərini şişirtmədən, heç bir iddia irəli sürmədən, sədaqətlə ölkə rəhbərliyinin tapşırıqlarını operativ şəkildə yerinə yetirən intizamlı dövlət qulluqçularından biri haqqında söz açmaq istərdim.

Bütün şüurlu həyatını dövlət qulluğuna həsr etmiş, uzun illər Nazirlər Kabinetinin Aparatında məsul şöbələrdən birinin – Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsinin ağırlığını çiyinlərində daşımış 2-ci dərəcə Dövlət müşaviri Qurban Rza oğlu Sadıqov 1962-ci il iyulun 15-də Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub.

M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Bakı Dövlət Universitetini bitirib. Rus dili və ədəbiyyatı müəllimi və Hüquqşünas ixtisaslarına yiyələnib.

İlk əmək fəaliyyətinə 1984-cü ildə Kəlbəcər rayonu, Sarıdaş kənd orta məktəbində müəllim kimi başlayan Qurban, 1991-ci ildə Kəlbəcər rayon XDS İcraiyyə Komitəsinə təlimatçı dəvət olunub. İctimai işlərdə fəallığına görə az sonra Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə irəli çəkilib. İşi ilə əlaqədar o, Kəlbəcərin bütün ərazisini, yaşayış qəsəbələrini, yaylaqları, dağları qarış-qarış gəzib, hər kənddə insanlarla yaxından ünsiyyətdə olub. Dağları qədər vüqarlı insanların yaşadığı Kəlbəcərin füsunkar təbiəti, bol sulu çayları, sıx meşələri, saf havası da gənc kadrın namuslu, yurdsevər bir vətəndaş kimi formalaşmasında iştirak edib. El-obanın səmimiliyi, saflığı, qonaqpərvərliyi onun da canına-qanına hopub.

Ancaq milyonlarla Azərbaycan vətəndaşı kimi, gənc Qurbanın da həyatının nizamlı axarı mənfur erməni tayfasının vəhşiliyi ucbatından pozulub. 1993-cü il aprelin 2-də hərbi təcavüzə məruz qalan səfalı Kəlbəcər oda-alova bürünüb. Yerindən-yurdundan qalxıb Murovun sərt aşırımlarına üz tutan qocaman elin əzablı günlərində Qurbangilin ailəsi də isti ocağını tərk etməli olub.

O vaxt hələ Kəlbəcəri geri qaytaracaq “Dəmir Yumruğun” Zəfərinə qədər qarşıda 27 il vardı…

Hər günü bir əsrə bərabər ötən 27 il ərzində dövlətə sədaqətlə xidmət edən, el oğlu kimi didərgin soydaşların dərdinə yanan, onların güzəranının yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışan Qurban Sadıqovun gözlərindən kədər, qəlbindən nisgil, ürəyindən ağrı əskik olmadı. Daim qayğısız uşaqlıq, gənclik illərinin keçdiyi doğma Nadirxanlı kəndini xatırladı, isti dədə-baba ocağının həsrəti ilə yaşadı. Gördüyü qanlı-qadalı hadisələri, erməni vəhşilərinin vandallığını, xalqımıza qarşı etdikləri namussuzluğu bir an belə unutmadı. Qisasın qiyamətə qalmayacağına, mütləq cəza gününün gələcəyinə inandı.

Çünki dəfələrlə “Biz o yerlərə mütləq qayıdacağıq” deyən Vətənin xilaskarı ulu öndər Heydər Əliyevə inanırdı. Dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyevə inanırdı. Bu iqtidarın Qarabağda, möcüzələr diyarı Kəlbəcərdə də möcüzə yaradaraq torpağı azad edəcəyinə, həyatı dirçəldəcəyinə inanırdı…

Ən gərgin anlarda belə bu inamı itirməyib. Çünki qəlbində məskən salan o müqəddəs hissi ona halal zəhmətlə böyüdüyü ailəsi, Nadirxanlı kəndinin binasını qoymuş müdrik babası, zəhmətkeş atası, sadə tibb işçisi olan anası aşılamışdı. Boya-başa çatdığı çoxuşaqlı ailələrində həmişə haqq işinə belə böyük inam olub.

1993-cü ilin iyulundan Azərbaycan Respublikası Nazirlər Kabinetində Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbədə sıravi referent kimi fəaliyyətə başlayan Qurban Sadıqov dövlət qulluğunda pillə-pillə inkişaf etdi; böyük referent oldu, şöbə müdirinin müavini oldu, müdir vəzifəsinin icrası həvalə edildi. Sahə üzrə təcrübəsi, işgüzarlığı, operativliyi nəzərə alınaraq, tezliklə şöbə müdiri vəzifəsinə təsdiq olundu. Uzun illər bu məsul vəzifədə qulluğunu səylə davam etdirdi. Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, Nazirlər Kabineti Aparatının strukturunda aparılan islahatlar nəticəsində Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi Humanitar və sosial məsələlər şöbəsinə birləşdiriləndə, təcrübəli Qurban Sadıqova yeni yaradılan şöbədə müdir müavini vəzifəsi etibar edildi.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü olan, ötən müddətdə Ali hakimiyyət orqanları, nazirlik, komitə, şirkət, səhmdar cəmiyyət və digər mərkəzi təşkilatlar, şəhər və rayon icra hakimiyyətləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatları, həmçinin vətəndaşlarla iş sahəsində böyük təcrübə toplamış Qurban Sadıqov artıq 30 ildən çoxdur ki, dövlət qulluğu sahəsində vicdanla çalışır.

Səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2-ci dərəcə Dövlət müşaviri rütbəsinə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Əgər vaxtilə onun fəaliyyəti bir kənd məktəbinin, bir rayon icra strukturunun çərçivəsində davam edirdisə, NK-da artıq ona respublika miqyaslı tapşırıqlar həvalə olunurdu. Ulu Öndərin daim “Ölkənin bir nömrəli problemi” adlandırdığı qaçqınlarla və məcburi köçkünlərlə iş kimi mühüm sahədə çalışmaq nə qədər ağır və məsuliyyətli idisə, bir o qədər də şərəfli iş idi. Qurban bütün varlığı ilə bu şərəfə layiq çalışır, öhdəsinə düşən tapşırıqlar artdıqca işgüzarlıq potensialı və peşəkarlığı da artırdı. Ən mühümü, o – dövlət qulluğunda vacib olan məsuliyyət hissini heç vaxt unutmurdu. Cəmiyyətin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin arzu-istəklərinə diqqətlə yanaşmağı, onların sosial problemlərinin həllinə yardımçı olmağı, öhdəsinə düşən vəzifəni operativcəsinə və keyfiyyətlə yerinə yetirməyi təkcə xidməti iş kimi icra etmirdi. Həm də özü didərginlik taleyi yaşamış dərdli bir vətəndaş kimi namus borcu bilərək çalışırdı. Bacarığı, zəhmətsevərliyi sayəsində rəhbərliyin etimadına layiq olan Qurban Sadıqov işlədiyi kollektivin və qayğıları ilə məşğul olduğu kontingentin də hörmətini qazana bilmişdi.

Ən gərgin dövrlərdə Dövlət başçısının Hökumətin və Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komissiyasının rəhbərliyi qarşısında qoyduğu mühüm vəzifələrin icrası prosesində aidiyyəti strukturun məsul əməkdaşı kimi Qurban Sadıqov öhdəsinə düşən iş həcmini layiqincə yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır, bütün vaxtını və bacarığını dövlət işinə sərf edirdi. Tabeliyində olan şöbə əməkdaşlarını da səfərbərliyə alaraq, Baş nazirdən, sahə üzrə Baş nazirin müavinindən, NK Aparatının rəhbərindən gələn çoxsaylı tapşırıqların icrası yolunda yoruldum demədən böyük enerji və həvəslə çalışırdı… Çalışırdı ki, adamlar dövlət qayğısından kənarda qalmasınlar, sosial müavinətlərdən, yardımlardan, hökumətin təyin etdiyi imtiyazlardan yararlana bilsinlər.

Günlərlə köçkün soydaşlarımızın məskunlaşdığı rayonlarda ezamiyyətdə olur, səlahiyyəti daxilində xarici qonaqları çadır düşərgələrinə müşayiət edəndə rus və ingilis dillərində onlara Qarabağ həqiqətləri, erməni təcavüzünün ağır nəticələri barədə məlumat verir, hazır foto-bukletlər təqdim edir, qonaqların problemə dair dolğun informasiya alması üçün əlindən gələni əsirgəmirdi.

Axı, hər şey onun gözləri qarşısında olmuşdu. Böyük güclərə sığınan nankor qonşuların xalqımızın başına gətirdiyi müsibətlərin, dəhşətli faciələrlə dolu günlərin hələ lap ilk dövründə qədim yurd yerimiz ulu Göyçədən insanlar payi-piyada qarlı-çovğunlu uca dağları aşaraq Kəlbəcərə pənah gətirəndə onların qarşılanmasında, yerləşdirilməsində İH əməkdaşı kimi Qurban da iştirak etmişdi.

Sonra gözəl Şuşa və bütün külli-Qarabağ, doğma Kəlbəcər və bütün ətraf rayonların işğalını, yüz minlərlə insanın pərişan halını, yaşlı kişi və qadınların ərşə qalxan fəryadlarını, süngüyə taxılan məsum körpələrin amansızlıqla qətlə yetirilməsini, qayalardan özünü atan namuslu qız-gəlinlərin tükürpədən sədasını, əliyalın gənclərin əsir götürülərək vəhşi işgəncələr altında öldürülməsini, nəsillikcə ailələrin məhv edildiyi Xocalı soyqırımına bənzər Başlıbel, Ağdaban faciələrini unutmaq mümkündümü?! Bütün bu ağrı-acılar hər bir vicdanlı azərbaycanlı kimi, onun da taleyindən keçib qan yaddaşına hopan, gənc ikən daxilən “qocaldıb” müdrikləşdirən acı həyat reallıqları idi… Və Birinci Qarabağ müharibəsindən Zəfər Gününə qədər olan müddətdə qaçqın-köçkün probleminin həllində, onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində Dövlət siyasətinin, Hökumətin Qərar və Sərəncamlarının icrası prosesində iştirak etmək – onun taleyinə yazılmışdı. O, bu taleyi şərəflə yaşadı…

Birgə əməkdaşlıq illərində çox müşahidə etmişəm ki, Qurban Sadıqov ictimai şüurda yer alan bəlli “məmur” tipindən fərqli bir dövlət qulluqçusu kimi davranıb. O, heç vaxt özünü məsul vəzifə sahibi olaraq əlahiddə imtiyazlara malik, təmənnalı şəxs kimi göstərməyib. Əksinə, özünü ünsiyyətdə olduğu qəlbi yaralı soydaşlarından fərqlənməyən sadə bir insan kimi aparıb. İstər çadır düşərgəsində görüşdüyü köçkünlər üçün, istərsə də NK-nın qəbul şöbəsinə gələn çoxsaylı vətəndaşlar üçün onunla ünsiyyət problemi olmayıb. Vicdanı təmiz, alnıaçıq məmur imicini qoruyub saxlaya bilib. Hətta kiminsə probleminin həllinə kömək edəndə özü mənəvi zövq alıb.

Vərdiş etdiyi yüksək məsuliyyət hissi onun xarakterində hələ gənclik çağlarından formalaşıb. Yaşadığı Nadirxanlı kəndində məktəb 8 illik olsa da, təhsili yarımçıq buraxmadan 9-10-cu sinifləri qonşu Qılınclı kənd məktəbində davam etdirib. Hər gün piyada qonşu kəndə dərsə gedib və orta məktəbi əla qiymətlərlə bitirib. Sonradan ali təhsilli pedaqoq kimi Kəlbəcərin Sarıdaş kənd məktəbinə təyinat alanda da yaşadığı kəndlə işlədiyi Sarıdaş arasında 4-5 kilometr məsafəni hər gün piyada gedib-gəlib. Qışda qar dizə çıxanda belə Qurban müəllim şagirdlərinin gözünü yolda qoymayıb, bir gün də dərsdən qalmayıb.

Eyni gənclik enerjisi ilə Hökumət Aparatında da çalışıb. Vəzifəsini yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirib. Rəsmi tapşırıqları, işi-gücü nə qədər çox olsa da, heç vaxt ona müraciət edənlərə etinasız yanaşmayıb, kimsənin sorğusunu cavabsız qoymayıb. Nə qəbula gələn qayğılı adamlardan, nə sıravi vətəndaşlardan, nə iş yoldaşlarından, nə dostdan-tanışdan diqqətini əsirgəməyib. Necə deyərlər, daim müraciətlərə açıq, demokratik təbiətli müasir məmur tipi kimi, Qurban hətta şəxsi telefonunu da heç vaxt qapatmaz, gecə-gündüz 24 saat gələn zəngləri cavablandırmağa, yol göstərməyə, məsləhət verməyə, yardım etməyə hazır olar.

Bu gün 2-ci dərəcə Dövlət müşaviri Qurban Sadıqov Nazirlər Kabinetində Vətəndaşların qəbulu sektorunun müdiri vəzifəsində sevimli peşəsini davam etdirməkdədir. Həmişə olduğu kimi, ömrünün 60-cı baharında da o, iqtidarın siyasi xəttinin yürüdülməsində həm Dövlət qulluğu, həm partiya xətti ilə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əvvəlki qaynar enerji ilə, əsl gənclik həvəsi ilə iş başındadır. 30 il ərzində topladığı zəngin idarəçilik təcrübəsi, savadı, biliyi, mənəvi keyfiyyətləri, yüksək dövlətçilik əxlaqı Qurban Sadıqovu bundan sonra da yeni uğur zirvələrinə doğru aparacaq potensialdan xəbər verir.

Vətənə, Xalqa, Dövlətə qulluq işində uğurların bol olsun, dostum!

Arzum budur növbəti yubiley ilini Qələbədən sonra dirçəlib daha da gözəlləşən azad Kəlbəcərdə, doğma Nadirxanlı kəndində, yenidən işığını yandıracağın ata-baba ocağında qeyd edəsən!