Qazaxıstan prezidenti xalqa Müraciəti ilə çıxış edibbackend

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Qazaxıstan xalqına Müraciəti ilə çıxış edib.

İctimai.az xəbər verir ki, Qazaxıstan xalqına illik Müraciətində Prezident Kasım-Jomart Tokayev Xəzər dənizi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı Qazaxıstanla Azərbaycan arasında vacib ikitərəfli layihəyə toxunub. Xüsusi ilə, Dövlət Başçısı layihənin 2025-ci ildə başa çatdırılacağını bildirdi.

Prezident, Qazaxıstan üçün beynəlxalq dəhlizləri və transsərhəd məlumat axınları ilə əlaqəli olan rəqəmsal infrastrukturun yaradılmasının son dərəcə vacib olduğunu da qeyd edib və telekommunikasiya şəbəkələrinin aktiv şəkildə inkişafının davam etdirilməsinin zəruri olduğunu bildirib.

Transxəzər fiber-optik rabitə xətti layihəsi Avropa ilə Asiya arasında telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” miqyaslı layihəsinin bir hissəsidir. Layihənin məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində internet bağlantısının keyfiyyətinin artırılmasıdır. Qazaxıstanla Azərbaycanı birləşdirəcək dənizin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu təxminən 400 km təşkil edəcək.