Rəşad Bayramov: “Tələbələrə təhsil haqlarında güzəştlər edilməlidir” – MÜSAHİBƏbackend

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri, “GələcəkSƏN” təlim və inkişaf proqramının təsisçisi Rəşad Bayramovun “Yeni Gündəm”ə müsahibəsini təqdim edirik.

Növbəti təhsil ili hansı formada başlamalıdır?

Bildiyimiz kimi ölkəmizdə mart ayından etibarən bir çox sahələrdə olduğu kimi təhsil müəssisələrinin də fəaliyyəti dayandırıldı. Təhsil ilinin son 2 ayında məktəb, kollec və universitetlərin müəllimləri tərəfindən ölkəmizdə ilk dəfə olaraq kütləvi şəkildə distant təhsil həyata keçirildi. Bununla yanaşı, bir neçə televiziya kanallarında gün ərzində teledərslər yayımlandı. Əlbəttə ki, bütün bu həyata keçirilən proseslər tam effektli olmadı və istənilən nəticələr əldə edilmədi. Bunu istər, müəllim və şagirdlər, istərsə də mütəxəssislər bildirdilər. Lakin nəzərə alsaq ki, biz distant təhsilə ani keçid etdik, düşünürəm ki, ümumi olaraq qənaət bəxş hesab etmək olar.

Növbəti təhsil ilinin başlanmasına təxminən 1 ay müddət qalıb, amma təhsilin hansı formada həyata keçiriləcəyi hələ də məlum deyil. Təhsil nazirinin yeni təyin olunmasından düşünürəm ki, ən qısa zamanda artıq qərar verilməlidir. Burada bir sıra məsələlər həmin qərarın tezliklə qəbul olunmasını labüd edir. Baxmayaraq ki, hazırda virusa yoluxanların sayında azalma dinamikası müşahidə olunur, amma qərar verərkən yoluxma hallarının artması, təhlükəsizlik və digər amillər nəzərə alınmalıdır. Əlbəttə distant təhsil ənənəvi təhsil qədər effektiv deyil, amma burada digər ölkələrlə də müqayisələr edilməlidir. Türkiyə, Rusiya kimi qonşu dövlətlər də təhsil ilinin vaxtında başlaması qərar verilsə də, bir çox dövlətlər hələ də gözləmə mövqeyindədirlər və onların distant təhsilə üstünlük verəcəyi gözlənilir.

Ənənəvi təhsildən fərqli olaraq ölkəmizdə distant təhsilin keyfiyyəti nə yerdədir?

Distant təhsil Azərbaycanda yeni olsa da, əslində bu təhsil prosesi uzun müddətdir dünya təcrübəsində istifadə olunur. Hətta qardaş Türkiyədə belə son illərdə distant təhsilə maraq kifayət qədər artıb. Ölkəmizdə də bir qrup şəxslər bu təhsil formasından istifadə edir. Mən də distant təhsil formasından Türkiyə, Böyük Britaniya, ABŞ və s. ölkələrdə olan kollec və universitetlərinin proqramlarından istifadə etmişəm. Distant təhsil əslində bizlərə bir çox üstünlüklər verir. Əvvəla vaxt itkisinin qarşısını alır. Bundan başqa bəzi xarici ölkələrdə olan proqramlardan heç bir yerə getmədən istifadə imkanı verir. Həmçinin daha az xərclərə gətirib çıxarır. Azərbaycanda bu təhsil metodundan çox şəxslər ilk dəfə istifadə etsə də, gələcəkdə bu təhsil metoduna daha çox müraciət edilməsi gözlənilir. Milli Məclisdə müzakirələrdə bir sıra Millət vəkilləri bu məsələlərlə bağlı çıxışlar etdilər. O cümlədən Prezident İlham Əliyev də bu məsələnin diqqət mərkəzində olduğunu bildirdi. Əlbəttə ki, mart ayında ilk dəfə istifadə edildiyi üçün bəzi problemlər göründü. Düşünürəm ki, növbəti təhsil ili distant formada davam etsə, daha az problemlər olacaqdır.

Növbəti təhsil ili distant olarsa, hansı güzəştlər edilməlidir?

Qeyd etməliyik ki, əgər növbəti təhsil ilinin distant olaraq başlaması və davam etməsi qərarı qəbul olunarsa, burada xüsusən ödənişli təhsil alan tələbələrə müəyyən güzəştlər edilməlidir. Bu güzəştlərin distant təhsilin hansı müddətə qədər davam etməsinə uyğun həyata keçirmək olar. Nəzərə alsaq ki, distant təhsildə əsas xərclərin müvafiq proqramların alınması və idarəçiliyi, həmçinin internet xərclərini əhatə edir, bu güzəştləri həyata keçirməklə təhsil müəssisələri böyük bir itki ilə qarşılaşmıyacaqlar. Əksinə, distant təhsil müəssisənin xərclərinin azalmasına gətirib çıxaracaq. Bunuda əlavə edim ki, bu günlərdə elm və təhsil xərclərinin azaldılması gözlənilir və bunun başlıca səbəbi ölkəmizdə təxminən 6 ay müddətində təhsil müəssisələrinin fəaliyyətinin olmaması və bəzi layihələrin keçirilməməsidir. Burdan nəticəyə gələ bilərik ki, təhsil haqlarında müəssisələr müəyyən güzəştlər edə bilərlər.

Təhsilin ənənəvi və distant formada davam etdirilməsi ilə bağlı hansı təklifləriniz var?

Təbii ki, yekun qərar Təhsil Nazirliyi və Operativ Qərargahın birgə müzakirələri və fəaliyyətindən sonra veriləcəkdir. Burada bizim ən birinci gözləntimiz ən qısa zamanda qərarın verilməsidir. Çünki minlərlə tələbə paytaxt və regionlarda yerləşən universitet və kolleclərdə təhsil almaq üçün dönüş etməli və kirayə qalmaq üçün ev tapmalıdır. Bu da müəyyən vaxt tələb edir. Təkliflərim həm ənənəvi, həm də distant formada aşağıda kimidir.
Əgər təhsil prosesi distant formada qurulacaqsa, bundan istifadə edəcək şəxslərə müəyyən köməklik göstərilməlidir. Mobil operatorlar və internet təminatçısı olan şirkətlər distant təhsilə öz dəstəklərini göstərməli, təkcə müəllimlər deyil, şagird və tələbələrə də müəyyən endirim və güzəştlər, həmçinin pulsuz internetlə təmin etməlidirlər. Və əlavə olaraq dərslərlə bağlı konkret zaman müəyyən edilməlidir. Bəzi müəllimlər onlayn dərsləri 20-30 dəqiqə keçməklə bitirir, digərləri 2 saatdan çox keçirdilər. Bu da qarşı tərəfin tam istədiklərini əldə etməməsi ilə nəticələnirdi.
Əgər təhsil prosesinin ənənəvi formada keçirilməsi qəbul olunarsa, burada ilk təklifim dərs saatlarının azaldılması olar. İstər məktəblər, istərsə də universitet və kolleclərdə dərslər əsas və ikinci dərəcəli olmaqla xarakterizə edilir. Beləliklə məktəblərdə bədən tərbiyə, rəsm, musiqi və digər bu tipli fənləri keçmədən, əsas fənləri keçməklə gün ərzində 3-4 dərs keçmək olar və beləcə gün ərzində 2 növbəli deyil, 3 növbəli sistem yaratmaq olar. Tələbələr üçün isə ənənəvi-distant təhsil formasını birgə həyata keçirmək mümkündür. Birinci dərəcəli fənlər ( sırf ixtisas fənləri) müəssisələrdə, ikinci dərəcəli fənlər isə distant formada həyata keçirilə bilər.
Yekun olaraq qeyd edək ki, hansı formada keçirilməsindən asılı olmayaraq qəbul olunan qərarlar insan təhlükəsizliyinin minimuma endirilməsini nəzərdə tutacaqdır.

İctimai.az