Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdirbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə vermişdir. Müsahibədə jurnalistlərin suallarını ətraflı cavablandıran Prezident İlham Əliyev ölkədə gedən iqtisadi və sosial proseslər barədə danışmış, ictimai-siyasi vəziyyət barədə fikirlərini bildirmişdir.

Belə ki, ölkə başçısı bildirib ki, Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir. 2021-ci ilin 11 ayının yekunlarına görə iqtisadi artım 5 faizdən çoxdur. Bu, müharibədən çıxmış ölkə üçün çox gözəl göstəricidir. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər.

2021-ci ilin böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artdığını bildirən Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edildiyini qeyd edərək bildirdi ki, bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Daha sonra bildirildi ki, Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Uzunillər ərzində manat sabitdir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir.

İnvestorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Sözügedən amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür.
Jurnalistlərin müxtəlif mövzularda ünvanladığı çoxsaylı sualları ətraflı cavablandıran Preziden İlham Əliyev qeyd etdi ki, cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək.

Əfəndi İbrahimli

YAP Səbail rayon təşkilatınln əməkdaşı