Azərbaycanda qəfil vəfat edən tələbə nişanlı imişbackend

“Heç bir xəstəliyi yox idi, ürəktutmasından qəfil dünyasını dəyişib”.

Bununla bağlı Oxu.Az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov universitetin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Zafta Eyyubovanın vəfat etməsi ilə bağlı danışarkən deyib.

Bildirilib ki, Z. Eyyubova sakit və çalışqan tələbə olub:

“Bizə əmisi oğlu zəng edib məlumat verdi. Biz bütün tələbələri tanımırıq. Dünən rəhmətə gedib, lakin qrup yoldaşlarının heç birinin xəbəri olmayıb. Heç kimlə əlaqəsi olmayan, tamamilə öz dünyasında olan tələbə idi. Qrup yoldaşlarının onun ölümündən xəbərləri belə yox idi”.

Zaftanın yaxınları  məlumatı təsdiqləyib:

“Zafta gecə yatıb, səhər qalxmayıb. Xəstəxanada ürəktutmasından vəfat etdiyini bildiriblər. Heç bir narahatlığı yox idi. Səhhətində bu günə qədər problem olmayıb.

Ailəsi çox yaxşı, mehriban idi. Ailədə dörd uşaq idilər – üç qız, bir oğlan. Zafta ən kiçikləri idi. Qalanları ailə həyatı qurublar. Zaftagil həmişə nümunəvi ailə olublar. Ailəsi özünə gələ bilmir”.

Yaxınları Zaftanın nişanlı olduğunu qeyd edib:

“Bir müddət olar ki, nişanlı idi. Nişanlısı ilə heç bir problem yox idi. Xaraktercə sakit biri idi. Hər kəslə xoş münasibəti olub. Şəmkir rayonunda yaşayırdı. 20 yaşı var idi. Bəziləri bunu başqa cür anlaya bilərlər. Öz sevdiyi ilə nişanlı idi. Məcbur nişanlanmamışdı. Özünəqəsd mümkün deyil. Qız həm ailəsi, həm nişanlısı, həm də qohumları tərəfindən daim sevilib”.

Qeyd edək ki, hazırda Şəmkir rayonunun Sabirkənd kəndində Zafta Eyyubovanın dəfn mərasimi keçirilir.