Britaniyanın Roçdeyl şəhərində qızlara təcavüz edən dəstənin lideri həbs cəzasını çəkdikdən sonra məhkəmənin deportasiya qərarı çıxarmasına baxmayaraq, şəhərdə yaşamağa və işləməyə davam edir.
Bu barədə “The Times” yazır.
55 yaşlı Qari Əbdül Rauf 2012-ci ildə yetkinlik yaşına çatmayan qızları zorlamaqda və insan alverində təqsirli bilinən 9 kişidən biri olub. Rauf 6 il həbs cəzası aldı, lakin cəmi iki il yarım çəkdikdən sonra 2014-cü ildə azadlığa çıxdı.
Məhkəmə Raufun Pakistana deportasiya edilməsinə qərar verib, lakin vəkilləri bir neçə apellyasiya şikayəti verib, deportasiyanın İngiltərədə həyat yoldaşı və uşaqları olduğu üçün onu ailə həyatı hüququndan məhrum edəcəyini iddia edib. Nəticədə Rauf dəstənin əvvəllər fəaliyyət göstərdiyi şəhərdə qalır və çatdırılmaçı işləyir.