İcra Hakimiyyətindən vətəndaşın iddiası ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Binəqədi Rayon İcra Hakimiyyətinin işçiləri vətəndaş İman Hacıyevin mülkiyyətinə daxil olaraq, obyektini sökməsi ilə bağlı məsələ sosial şəbəkələr istifadəçiləri və bəzi xəbər portalları tərəfindən işıqlandırılıb.

Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən rəsmi olaraq bildirilib ki, Binəqədi rayonu Xocəsən qəsəbəsi F.Ağazadə küçəsi-32/A ünvanında yerləşən yüngül konstruksiyadan ibarət qeyri-yaşayış sahəsi Daşınmaz əmlakın dövlət reyestrindən 1121084156 saylı Çıxarışa əsasən vətəndaş Quliyev Rüstəm İbrahim oğlunun mülkiyyətindədir. Sənədlər araşdırılarkən şikayətçi İman Hacıyev qeyd olunan tikintinin aparılmasına dair təsdiq olunmuş layihənin olduğunu iddia etsə də, sözügedən sənədə dair hər hansı etibarnamə və tikinti işlərinin aparılmasına dair heç bir hüquqmüəyyənedici sənəd və müvafiq qurum tərəfindən təsdiq edilmiş layihəni təqdim etməmiş və tikintilərin dövlət reyestrində qeyd olunan tikiliyə dair heç bir sənəd aşkar edilməmişdir. Özünü həmin yerin sahibi kimi təqdim edən İ.Hacıyevə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlığa baxmayaraq, vətəndaş tərəfindən şəhərsalma qaydalarına uyğun olmayan qanunsuz tikinti işlərinin aparılması davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində aparılan tikinti işləri dayandırılmış və aidiyyəti qurumların əməkdaşları ilə birlikdə qanunsuz tikinti işlərinin qarşısı alınmışdır. Bununla bağlı 30.06.2022-ci il tarixli Akt tərtib edilmişdir.

Eyni zamanda, vətəndaş İ.Hacıyevə dəfələrlə “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmana əsasən qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsinin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu və qeyri-yaşayış obyektinin tikintisi məqsədilə aidiyyəti quruma müraciət edib icazə sənədi alındıqdan sonra tikintiyə başlaya biləcəyi izah edilmişdir.