İnformasiya müharibəsində gənclərin rolu və məsuliyyətibackend

Kənan Qubadzadə: Bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir

Ötən il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Həmin gün Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə və təxribat cəhdinə cavab olaraq, rəşadətli ordumuz əks-hücuma keçdi və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. 44 gün çəkən döyüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz erməni qəsbkarlarını diz çökdürdü.

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri də müstəsna rol oynadılar. Belə ki, gənclərimiz reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldular.

Ümumiyyətlə, mövzu ilə bağlı qəzetimizə açıqlama verən Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsili və fərdi inkişafı vasitəsilə Vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndirib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin mühüm rolunu, onların bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyətini və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyini vurğulayıb: “Bu gün hər bir azərbaycanlı kimi qarşımızda erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli işdir. Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. 44 günlük müharibə zamanı Azərbaycan gəncləri həm hərb – döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparıblar”.

“Erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılmasında gənclərin məlumatlılığının artırılması vacibdir. İşğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüb və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. Gənclər olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü buna səfərbər etməkdir”, – deyə K.Qubadzadə söyləyib.

İctimai Birliyin sədri ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb: “Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın incisi Şuşa şəhərinə səfər etdik. Şuşanın ən görməli və tarixi abidələrlə zəngin olan yerlərini gəzdikcə barbar ermənilərin törətdikləri vəhşiliklərin də şahidi olduq. Bu, təkcə Azərbaycan mədəniyyətinə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Səfər zamanı məşhur Cıdır düzündə, Yuxarı və Aşağı Gövhərağa məscidlərində olduq, eyni zamanda, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər maddi-mədəniyyət abidələrinin yerləşdiyi ərazilərə baxış keçirdik. Şuşa Azərbaycanın tarixi şəhəridir. Dünyaya bəyan olundu ki, Şuşanın xalqımız, dövlətimiz üçün ölçüyəgəlməz dərəcədə böyük önəmi var və birmənalı olaraq bütün dünya bunu bilməlidir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, gənclərin yerli və beynəlxalq platformalarda təmsil olunması üçün əlimizdən gələni etməliyik”.

Vurğulanıb ki, mənfur qonşularımızın beynəlxalq ictimai rəyi yanıltmaq cəhdlərinin qarşısını almaq üçün tariximizi daha yaxşı öyrənməli və öyrətməliyik: “Eyni zamanda, gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə yiyələnməlidirlər. Bu, olduqca vacibdir. Çünki inkişaf edən dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Qeyd etdiyim kimi, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu kontekstdə sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Biz, bu məsələdə  öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməli, müsbət nümunə yaratmalıyıq”.