Milli enerji təhlükəsizliyi konsepsiyasıbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışını etdi. Açılış zamanı Prezident AZƏRTAC-a geniş müsahibə vermişdir. O bildirmişdir ki, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir.

Azərbaycan artıq enerji ixrac edən ölkəyə çevrilib. Belə ki, ötən il 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır. Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat ölkəmizi yeni addımların atılmasına sövq edir. Ölkədə inşa edilən iri enerji obyektlərinin əksəriyyəti öz vəsaitlərimiz hesabına həyata keçirilmişdir.

Azərbaycanda müstəqillik dövründə əhali 7 milyondan 10 milyona çatmışdır. Bunu ölkədə sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürü kimi dəyərləndirilməlidir. Ötən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Pandemiya dövrü üçün bunla rekord göstəricilərdir.

Son illər ərzində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Belə ki, müstəqilliyin ilk illərində ölkənin enerji təminatına gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biri hesab olunur.

Aşkar olunan qaz ehtiyatları imkan verir ki, Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz etsin. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünməkdədir.

Ölkəmiz xarici investisiyalar üçün çox cəlbedici bir məkandır. Bilirsiniz ki, bu ilin Yanvar ayında enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur.

“Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası vardır. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur.

Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil, eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı da öz rolunu oynayacaqdır. Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaqdır. Birinci xətt Gürcüstan-Türkiyə üzərindən keçir.

İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.

İsgəndərov Əli – Nərimanov rayonun fəal gənci