Strateji ikitərəfli əlaqələr genişləndirilirbackend

Cari ilin may ayının 18-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycan ilə Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq, əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələrin olduğunu göstərir.

Dövlət olaraq Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün hər cür imkanlar mövcuddur. Təəssüf ki, rəsmi Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir və bəzən də düşünülməmiş bəyanatlarla vəziyyəti gərginləş.dirməyə çalışırlar.

Artıq Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtı çatmışdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləmişdır. Sərhədlərin delimitasiyası artıq başlamalıdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.

Hazırki durumda rəsmi Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurmaya bilməz. Azərbaycan işçi qrupunu vaxtında yaratdı və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünümüdafiə hüququndan yararlanaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etmək məcburiyyətində qaldı.

Qazanılan Zəfərdən sonra Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir. İşğal nəticəsində hər şey dağıdılmış və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı təsadüfən “Qafqazın Hirosiması” adlandırmırlar. Bu erməni vəhşiliyinə verilən beynəlxalq qiymətdir.

Azərbaycan ilə Avropa İttifaqı əsas ticarət tərəfdaşıdırlar. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir və enerji, nəqliyyat təhlükəsizliyi, ticarət perspektiv əməkdaşlıq istiqamətləri hesab olunur. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Həmin gün keçirilən Azərbaycan-Litva biznes forumunda Prezudent İlham Əliyev çıxış etmiş və iki ölkə arasında olan münasibətlərə siyasi qiymət vermişdir. Prezident İ.Əliyev qeyd etmişdir ki, “Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır”.

Keçirilən Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri vardır.

Hazırda Azərbaycanda yaradılmış biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulmuşdur və bu proses hələ də davam edir. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idisə, hal-hazırda investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.

Məlumdur ki, Azərbaycanda iqtisadiyyatının şaxələndirilməsi əsas prioritet kimi qəbul olunmuşdur. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi artıq yekunlaşmışdır.

Prezident qüyd etmişdir ki, cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, burada artım 11,4 faizdir. İxrac 85 faiz , qeyri-neft ixracı isə 40 faizə yaxın artmışdır. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir. Azərbaycan əhalisinin sayı artıq10 milyondan çoxdur.

Azərbaycanla Litva arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan tədricən önəmli nəqliyyat mərkəzinə çevrilmişdir.

Məlumdur ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz xarici ölkələrə neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və sair ixrac edirik. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici sayılır.

Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan donor ölkəsinə çevrilmişdir. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Azərbaycanın mövcud iqtisadi durumu ona dəlalət edir ki, vaxtı ilə qəbul edilmiş düzgün iqtisadi qərarlar öz müsbət nəticəsini verməyə başlamışdır.

Murad Süleymanov – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistri, Nərimanov rayonun fəal gənci