“Şuşa İli” – Böyük Qayıdışın xəyaldan reallığa çevriləcəyi ilbackend

“Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə de¬mişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı”,- deyən Ali Baş Komandanımız Prezident İlham Əliyevin keçən ilin son dəqiqələrində, Yeni ilin astanasında 2022-ci ili “Şuşa ili” elan etməsi artıq bir ayını yaşadığımız ilin baş xəttini müəyyən etmişdir.

Bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çox yaxşı cəhətdir ki, bu gün cənab Prezident Şuşanın yenidənqurulması proseslərinə şəxsən özü rəhbərlik edir. Və bu, Şuşa şəhərinin, həqiqətən də, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə real inam yaradır. Çünki Şuşa Azərbaycan üçün, sadəcə, bir şəhər deyil, xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən rəmz, əziz məkanıdır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da gördük. Belə ki, Azərbaycan Ordusu beynəlxalq təzyiqlərə rəğmən Şuşanı azad etməyənədək dayanmadı. Bütün bunları ümummilli liderimiz Heydər Əliyevin deyimi ilə ifadə etsək, “Şuşasız Qarabağın olmadığını” göstərdi. Həmçinin müharibənin gedişində Ali Baş Komandan, Prezident İlham Əliyev də vurğuladı ki, «Şuşasız bizim işimiz yarımçıq qalar». Ona görə də Azərbaycan Ordusunun başlıca məqsədi Şuşanı azad etmək idi. Bu səbəbdən 44 gün davam edən müharibədə Ali Baş Komandanımız Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə Şuşanı qanları, canları bahasına azad etdilər. Cənab Prezidentin 2020-ci il 8 noyabrında Şəhidlər Xiyabanından böyük qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözlərinin ölkə miqyasında, dünya azərbaycanlıları arasında doğurduğu böyük sevinci heç nə ilə müqayisə etmək mümkün deyil. Həmin tarixi anlarda hər bir azərbaycanlı, hər bir gənc özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi.

Ən əsası isə “Şuşa ili”nin elan edilməsi bu şəhərin Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya göstərir. Şuşa azad edildiyi ilk günlərdən burada geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən il 32 dəfə azad edilmiş torpaqlara, təkcə Şuşa şəhərinə isə 7 dəfə səfər etdiyini qeyd edib: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.

Belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərib. Bir sözlə, şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən təmizlərkən, istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub. Qısa müddət ərzində Şuşanın əsl tarixi simasının bərpası yönündə genişmiqyaslı işlər görülüb. Şəhərin Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsi kimi diqqət çəkib. Bütün bunlarla yanaşı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinə başlanılıb. Bu istiqamətdə Heydər Əliyev Fondu səmərəli fəaliyyət göstərib.

Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa ili” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.

Bəli, bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bugünkü Şuşanın yenidən qurulması isə Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Sözsüz ki, Qayıdış Şuşadan-ən yüksəklikdən başlamalıdır, çünki hazır olan, vacib, əsas olan Şuşadır! Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. 2022-ci ili Qarabağa qayıdışın önəmli mərhələsinin başlanğıc ili kimi də qəbul edə bilərik. Bir sözlə, Müzəffər Ali Baş Komandanımızın 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamı İkinci Qarabağ müharibəsində qazandığımız qələbəni siyasi və diplomatiya müstəvisində möhkəmləndirməyə xidmət edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi «İnstagram» səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik etməsi ilə dediyi kimi, “İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Fuad Heydərli

YAP Səbail rayon təşkilatının məsləhətçisi.