Oktyabrın 26-da Azərbaycan Respublikası Energetika nazirliyi yanında yaradılmış İctimai Şuranın və Azərbaycan Dövlər Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin birgə təşkilatçılığı ilə gücü 230 MWt olan ilk böyük “Qaradağ Günəş Elektrik Stansiyası”-na ekskursiya keçirilib.
Ekskursiyada ADNSU-nun Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyevin rəhbərliyi ilə professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Ekskursiyada tələbələr günəş panellərinin quraşdırıldığı ayrı-ayrı bloklar tərəfindən hasil edilən 800 V sabit gərginliyin invertorda dəyişən gərginliyə, sonra həmin gərginliyin yüksəldici güc transformatorlar vasitəsi ilə 35 kV-a və yenidən 330 kV yüksək gərginliyə çevrilməsi prosesini müşahidə edib və prosesin effektivliyi, bu prosesdə iştirak edən avadanlıqlar, həmçinin də həmin avadanlıqların idarə olunması haqqında məlumatlar əldə ediblər.
Qeyd edək ki, “Masdar” şirkəti tərəfindən inşa olunan bu nəhəng stansiya 550 hektarlıq ərazini əhatə edir və 230 MVt ümumi gücə malikdir. Stansiyada hər iki üzü ilə elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş paneli quraşdırılıb.