Mərkəzi Bank tərəfindən maliyyə icarəsi (lizinq) verənlərin reyestri yaradılacaq.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıq olacaq. Oraya icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.
Qanun layihəsi ilə maliyyə icarəsi verənlərin fəaliyyətinin prudensial tənzimlənməsi və onların fəaliyyətinə nəzarətlə bağlı tənzimləmə çərçivəsi formalaşdırılır. Layihənin qəbul edilməsi ilə maliyyə bazarlarında tənzimləmənin xüsusiyyətləri nəzərə alınmaqla, maliyyə icarəsi fəaliyyəti ilə (maliyyə icarəsi verən qismində) yalnız hüquqi şəxslər məşğul ola biləcək və bunun üçün Mərkəzi Bank tərəfindən yaradılacaq maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmə əsas şərt hesab ediləcək.
Bu məqsədlə bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər tələb edilən sənəd və məlumatları Mərkəzi Banka təqdim edəcək.
Layihədə icarəyə verənlər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi müəyyən edilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilir.
İcarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir
İcarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) “Mühasibat uçotu haqqında” uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.
İcarəyə verəndə yoxlamanı aparan kənar auditor maliyyə icarəsi fəaliyyəti sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. İcarəyə verənin auditini aparan və ya aparmış kənar auditor nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini həyata keçirdiyi icarəyə verənin fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim etməlidir.











