AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə Azərbaycan aviasiya tarixində yeni bir hadisə əlavə olunub.
Azərbaycan aviasiya tarixində bir neçə ciddi təyyarə qəzası baş vermişdir. Bu qəzalar, həm mülki, həm də hərbi aviasiya sahəsində olub. Qəzalar sırasında dekabr ayına təsadüf edənlər bir neçə qəza itkiləri ilə seçilir.
İctimai.az indiyə kimi dekabr ayı ərzində baş verən bir sıra təyyarə qəzalarını təqdim edir:
1995-ci il dekabrın 5-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus olan “Naxçıvan-Bakı” reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Bu zaman isə pilot təyyarəni 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Saatda sürəti 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə qarşılaşır. Dəhşətli fəlakətdən qurtulmaq üçün pilotlar sağa, 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər. Naxçıvan şəhər Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışıb.
Hadisə nəticəsində qəzada 82 nəfərdən 4 heyət üzvü olmaqla 52 nəfər həlak olub.
2005-ci il dekabrın 23-də Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb.
Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları olub.
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.