Doktoranturada təhsil alanlar üçün Danışıq bloku imtahanı keçirilibbackend

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku imtahanı keçirilib.

DİM-dən verilən xəbərə görə, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə keçirilib. İmtahanda 298 nəfər iştirak edib.

Qeyd edək ki, imtahan üç hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə üç bal, ikinci mərhələdə beş bal, üçüncü mərhələdə isə iki bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Danışıq bloku üzrə minimum iki bal toplamayan şəxslər ilk dörd blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.