“Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinin icrasına başlanılıbbackend

“İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinin icrasına başlanılıb.

Birliyin Mətbuat xidmətindən İctimai.az-a məlumat verilib ki, layihənin açılış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Raziyə Dadaşzadə gəncləri salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. “Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinin gənclərin hərtərəfli inkişafı baxımından olduqca önəmli tədbirlərdən olduğunu qeyd edən Raziyə Dadaşzadə layihə iştirakçılarına uğurlar arzulayıb. Həmçinin diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərdə iştirakçılar multiplayer qismində respublikamızın bir sıra şəhər və rayonunda yerləşən təhsil müəssisələri, gənclər təşkilatları və digər qurumlarda öz auditoriyaları ilə bölüşəcəklər.

Daha sonra təlimlər bölməsinə keçid edilib. Təlimlər bölməsində iştirakçılar ilk olaraq insan hüquqlarının əsasları, əmək hüquqlarına giriş və SƏTƏM mövzularında yeni məlumatlar əldə ediblər. Qeyri-formal təhsilin metod və vasitələrinə əsaslanaraq keçirilən təlimlər zamanı gənclər müzakirə, qrup işi və rol oyunlarında iştirak ediblər. Layihə çərçivəsində həmçinin “təlimçilər üçün təlim” proqramının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, “Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinin keçirilməsində əsas məqsəd gənclər arasında əmək qanunvericiliyi üzrə bacarıqları daha da təkmilləşdirmək, seçilmiş iştirakçıların əmək hüququ üzrə təlimçi kimi inkişaf etdirmək, habelə region gənclərinin insan hüquqları ilə bağlı biliklərini artıraraq ümumilikdə dövlət gənclər siyasətinə töhfələr verməkdir. Layihə Avropa Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.