“İRƏLİ” İctimai Birliyinin Səhiyyə Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclərin ilk yardım bacarıqlarının artırılmasına yönəlik “Qızıl Yardım” layihəsinin ikinci mövsümünə start verilib.
İctimai.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin ofisində baş tutacaq layihədə iştirak hüququ qazanmış gənclər xüsusi proqram çərçivəsində ilk yardım təlimləri, müxtəlif simulyasiya və praktiki sessiyalarda iştirak edəcəklər. Xüsusi proqram mövzularına ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, yaralanma, kəllə-beyin travmaları, zəhərlənmə, qanaxma, şok, huşunu itirmə, günvurma, epileptik tutmalar və digər mövzular daxildir.
Bildirilib ki, 5 gün müddətində keçiriləcək bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İRƏLİ” İctimai Birliyi tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediləcəklər. Bununla yanaşı, təlim proqramını uğurla başa vurmuş gənclər Birliyin Səhiyyə Mərkəzinin təlimatçı bazasına əlavə olunacaqlar.
Qeyd edək ki, layihənin ilk mövsümündə 30 gənc iştirak edib. “Qızıl Yardım” layihəsinin əsas məqsədi gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək hadisələrə hazırlığını təmin etməkdir.














