Səbuhi Abbasov ATƏT-in tədbirində “Göyçə Azərbaycandır” dedi, erməniləri təşvişə saldı – VARŞAVADAN VİDEObackend
26 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində “ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı” öz işinə başlayıb. Konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

İctimai.az xəbər verir ki, tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov ATƏT-ə üzv olan dövlətləri erməni vandalizminə qarşı mübarizəyə səsləyib: “Azərbaycan bütün azadlıqların, o cümlədən də din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir. Bəli, bu gün ölkəmizdə bütün azadlıqlar – mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycan eyni zamanda, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə öz mühüm tövhəsini verib. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, humanitar və mədəniyyətlərarası dialoq forumları, dünya dinlərinin liderlərinin zirvə görüşləri – bütün bunlar Azərbaycan reallığıdır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq mütəmadi şəkildə slavyan xalqlarının nümayəndələri ilə birgə tədbirlər, layihələr həyata keçirir, problemlərini öyrənir və həllinə nail oluruq.

Hal-hazırda bu sahədə ən böyük problem erməni işğalından azad olan ərazisində dini abidələrin bərpası məsələsidir. 30 il ərzində Ermənistan tərəfindən işğal edilən ərazilərdə bir dini, mədəni abidə salamat qalmayıb, məscidləri donuz fermasına çevirmişdilər. Hal-hazırda Azərbaycan höküməti onların bərpasını xüsusi proqramla həyata keçirir. Eyni zamanda, anadan olduğum qədim Azərbaycan torpağı olan Göyçə mahalında da bir dənə olsun Azərbaycan xalqına aid dini abidə qalmayıb, hamısı darmadağın edilib. Bütün dünya ictimaiyyətini bu məsələdə aktiv olmağa, Erməni vandalizminə yox deməyə çağırıram. Göyçə Azərbaycandır, Qarabağ Azərbaycandır və nida. Diqqətinizə görə təşəkkür edirəm.”