Azərbaycan və Özbəkistan qardaşlığının təntənəsi – ŞƏRHbackend

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasında kı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Xüsusilə də, son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana tarixi dövlət səfəri iki ölkə liderlərinin bir-birilərinə dostluğun, qardaşlığın, eyni zamanda iki ölkələr arasında strateji tərəfdaşlığın göstərigisidir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında keçirilən müzakirələr, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkə arasında əməkdaşlığın daha geniş olacağınnı təsdiqləyir. Çünki Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq keçmişə əsaslanır. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Qeyd edək ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana tarixi səfəri də təbii ki, iki qardaş, dost ölkə olaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verməklə, həm də türk dünyasının həmrəyliyi baxımından böyük siyasi hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən söyləyib ki, bu səfər həqiqətən tarixi səfərdir və bu səfərlə münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq: “Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik”.

Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.

Göründüyü kimi, budur qardaşlığın təntənəsi. Budur, Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olması. Budur, Özbəkistanda ulu öndər Heydər Əliyevin xatirəsinin uca tutulması. Məhz Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan yüksək ehtiramın, iki xalqın qardaşlığının və dostluğunun təzahürü kimi tarixə düşdü. Bu meydan, həmçinin meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə və xalqımıza olan həqiqi qardaşlıq münasibətinin göstəricisidir.

“Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir” – deyən dövlətimizin başçısı Heydər Əliyevin Özbəkistanın rəhbərləri ilə çox yaxın dostluq münasibətlərinin olduğunu və bu dostluq iki qardaş dövlətin əlaqələrinin ruhunu təşkil edib, daha da inkişafına və möhkəmlənməsinə səbəb olub. Bunun nəticəsidir ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr durmadan yüksəlir, iki qardaş dövlət beynəlxalq münasibətlər sistemində həmrəylik nümayiş etdirir, türk dünyasının güclənməsinə layiqli töhfələr verirlər.

Bir sözlə, Azərbaycan Respublikası Prezidentinin Özbəkistana cari ilin 21 iyun tarixli səfəri, aparılmış danışıqlar və imzalanmış sənədlər qardaşlığımızın əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq və ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası isə Qalib ölkənin Qalib lideri Prezident İlham Əliyevlə Güclü Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin: “Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun”,-deməsi Azərbaycan xalqını, onun dövlətini və Prezident İlham Əliyevin xidmətlərini ən yüksək səviyyədə qiymətləndirməsinin göstəricisidir.

Beləliklə, dövlət başçımızın dediyi kimi, Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacaq. Və dövlət başçımızıntarixi Özbəkistan səfəri və əldə edilən razılıqlar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq.

FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı