“İrəli” İctimai Birliyi ulu öndərin anım günü çərçivəsində silsilə tədbirlər keçirib – FOTOLARbackend

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndərin anım günü çərçivəsində silsilə tədbirlər həyata keçirilib.

Birliyin mətbuat xidmətindən bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirlər planı çərçivəsində ulu öndərin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə tədbir keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı tədbirdə çıxışları zamanı ulu öndər Heydər Əliyevin ölkə gəncliyinə daim böyük diqqət və qayğı göstərdiyini, onun fəaliyyəti dövründə gənclərin vətənpərvər və milli ruhda formalaşmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qəbul edildiyini diqqətə çatdırıblar.

Dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən çıxışçılar bu müddət ərzində formalaşan gəncliyin ümummilli məsələlərdə yüksək fəallıq nümayiş etdirdiyini, habelə Vətən müharibəsində öz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasında, bununla da, ulu öndərin vəsiyyətinin yerinə yetirilməsində olduqca böyük rola malik olduğunu vurğulayıblar.

Tədbir daha sonra müstəqil və müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin irsinin gələcək nəsillərə aşılanmasında gənclərin rolu mövzusunda müzakirələrlə davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Silsilə tədbirlər çərçivəsində həmçinin Azərbaycan Televiziyası tərəfindən lentə alınan “Xalqın Adamı” filminin nümayişi keçirilib, gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya müddətində gənclər ümummilli liderin keçdiyi şərəfli ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar və eksponatlarla yaxından tanış olublar.