Finlandiya hökuməti nüvə silahlarının idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə vermək üçün Finlandiya parlamentinə təşəbbüs təqdim edib.
Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, hökumət Finlandiya Atom Enerjisi Qanununa və Finlandiya Cinayət Məcəlləsinə düzəlişlər təklif edib.
Dəyişikliklər “Finlandiyanın müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı kontekstində” nüvə silahlarının idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə verəcək.
6 martda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Helsinkinin nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək qərarının Finlandiyanı daha həssas hala gətirə və Avropada gərginliyin artmasına səbəb ola biləcəyi fikrini bildirib. O, əlavə edib ki, bu, Rusiya üçün təhlükə yaradacaq və Moskva buna cavab olaraq müvafiq tədbirlər görəcək.














